Azərbaycanda 400 min manatlıq müsabiqə başladı – 21-51 YAŞLILAR ARASINDA

Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlanıb.


APA TV-nin məlumatına görə, bununla əlaqədar keçirilən mətbuat konfransında çıxış edən Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikultiralizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva bu müsabiqənin də Prezidentin islahatlar kursunun tərkib hissəsi olduğunu deyib.

 

O bildirib ki, müsabiqə ölkədə kadr ehtiyatı bankının yaradılmasına şərait yaradacaq: “Müsabiqədə qarşımıza qoyulan məsələlərdən biri Azərbaycanda yeni nəsil idarəçilərinin yetişdirilməsidir. Yeni idarəçi deyəndə biz kimi axtarırıq? Azərbaycanın gələcək inkişafına töhfəsini, dəstəyini verən, məsuliyyəti çiyinlərində aparan yeni nəsil necə olmalıdır? Biz onları haradan axtarıb, tapırıq? Yüksəlişin formatı tam, şəffaf, obyektiv aparılan müsabiqə olacaq”.

 

Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsini tarixi məqam kimi dəyərləndirib: “Müsabiqənin müəyyən mərhələləri DİM-ə tapşırılıb. Biz bu müsabiqədə dünyada istifadə olunan ən müasir alətlərdən istifadə edəcəyik. Son 20 ildə əldə etdiyimiz təcrübədən istifadə edərək, müsabiqənin yüksək səviyyədə keçirilməsinə nail olacağıq”.

 

Gənclər və idman naziri Azad Rəhimov müsabiqəyə 21-51 yaşlı insanların dəvət edilməsinin təsadüfi olmadığını vurğulayıb:  “21 yaşlı gənclər çox fəaldır, dövlət və ölkə üçün önəmli işlər görməyə çalışırlar. 51 yaşa gəlincə, insanlar var ki, bu yaşa qədər özünü göstərə bilməyib, ancaq böyük təcrübəyə, biliyə malikdir”.


5 ay davam edəcək müsabiqənin 20 qalibi olacaq və onların hər birinə 20 min manat veriləcək. Məbləğin 10 min manatı həmin şəxsin təhsilinə, 10 min manat isə şəxsi xərc üçün nəzərdə tutulacaq.

 

Tədbir sualların cavablandırılması ilə davam edib. 

Müəllif | Apa.Tv
Apa.tv