Azərbaycanda 6 yaşlı uşağa ilk dəfə ad qoyuldu
Düz bir ay öncə APA TV-nin qaynar xəttinə Xətai rayonu Vanqtau küçəsində gecələyən ailə ilə bağlı xəbər daxil olmuşdu. Çəkiliş zamanı məlum oldu ki, 3 azyaşlı övladı olan Günay Xəlilova övladlarını dolandırmaq üçün küçədə gecələyir. Nə özünün, nə övladlarının heç bir sənədi olmayan Günay məhz bu səbəbdən də işə düzələ bilmir. Məhz elə bu səbəbdən Daxili İşlər Nazirliyi, Asan Xidmət, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmət Agentliyin 5 saylı filialının dəstəyi ilə ailə himayəyə götürüldü.
APA TV-nin və adları sadalanan dövlət qurumlarının ailəyə dəstəyi vasitəsilə Günayın övladlarının adı rəsmiləşdirilib.
Valideyn Günay Xəlilova buna görə öz təşəkkürünü bildirib: “Çox təşəkkür edirəm. Siz vasitəçi oldunuz. Bu gün uşaqlarımın bütün sənədləri düzəldi. Adları rəsmiləşdi”.
6 saylı Bakı "ASAN xidmət" mərkəzinin əməkdaşı Aysel Cəlilova deyir ki, vətəndaş Günay Xəlilovanı APA TV sayəsində tanıdıq: “Sizin çəkiliş qrupunuzla birlikdə 6 saylı ASAN Xidmət mərkəzinə müraciət olundu. Məlum oldu ki, Günay Xəlilovanın övladlarına aid heç bir rəsmi sənədi yoxdur. Sənədlərin araşdırılması və hazırlanması istiqamətində biz də üzərimizə düşən işi uğurla gördük. Bu gün ilk dəfə Günay xanımın övladlarına şəxsiyyət vəsiqələri təqdim edildi və adları rəsmiləşdirildi. Ailənin sosial durumu nəzərə alınaraq həm doğum haqqında şəhadətnamə, həm də vətəndaşlıq pasportunun dövlət rüsumları isə xidmətimiz tərəfindən ödənildi”.
Sosial Xidmət Agentliyinin filial rəhbəri Vaqif Əliyev ilk olaraq valideyn Günayı övladlarının Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələri ilə təmin olunması münasibətilə təbrik edib: “Günayı təbrik edirəm. Biz də bu ailənin sizin vasitənizlə tanıdıq. Düz bir aydır sənədlərin toplanması istiqamətində apardığım səy yaxşı nəticələndi. Biz də nəzarətsiz buraxmadıq. 3 ildir bu ailə sənədləri olmadığından doğum haqqında verilən müavinəti ala bilmirdi, artıq Günay xanımın adına 500 manatlıq maddi yardım hazırdır. İki günə ailəyə təqdim ediləcək. Bank hesabına oturacaq”.
Vaqif Əliyev bildirib ki, şəxsiyyət vəsiqəsi əldə etmiş uşaqlar üçün Sosial Xidmətlər Agentliyi sosial dəstəyi davam etdirəcək, aztəminatlı ailə kimi Xəlilovlar ailəsinə yardım ediləcək.
Sevinc Vaqifqızı,
Xəyal İsgəndərov,
APA TV