Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyri-iş günü olacaq
Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib.
APA TV-nin məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.
Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən isə, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq. Qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
Hər iki qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.