Azərbaycanda 800-dən çox ev yararsız hala düşdü
Masallının 40-a yaxın kəndində sel sularının törətdiyi fəsadlar aradan qaldırılıb.
Mart ayının 18-dən 19-a keçən gecədən başlayaraq cənub bölgəsində aramsız yağan leysan xarakterli yağışlar nəticəsində Masallı rayonunun bir sıra yaşayış məntəqələrində, o cümlədən Boradigah, Mollaoba, Bədəlan, Təzə Alvadı, Meşəkənarı, Əhmədli ərazisindən keçən çayların və kanalların daşması fərdi təsərrüfatlara, əkin sahələrinə, kəndarası yollara ziyan vurub. Təbii fəlakət səbəbindən 800-dən çox evi, 2000-dən çox həyətyanı və əkin sahələrini su basıb. Əsasən də kartof, çiyələk və digər tərəvəz məhsullarının əkinləri suyun altında qalıb. Leysan tipli yağışların başladığı gündən qeyd olunan ərazilərdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən ağır texnikalar və canlı qüvvə cəlb olunub. Yaşayış evlərinin zirzəmisinə və həyətyanı sahələrinə dolan sel suları artıq kənarlaşdırılıb.
Masallı rayonunun ərazisindən keçən Alvadıçay, Korçay, Tatyan, Sirəbil çaylarının məcrasından çıxması və suötürücü kanalların daşması nəticəsində baş verən problemlərin bir çoxu artıq geridə qalıb. FHN - in Cənub Regional Mərkəzinin texnikası və canlı qüvvəsinin, eləcə də aidiyyəti qurumların köməkliyi ilə həm sel sularının ərazilərdən kənarlaşdırılması, həm də təxliyə məsələləri öz həllini tapıb.
Hazırda sakinlərin əkin sahələrinə dəymiş ziyanla bağlı hesablamalar aparır. Sığorta olunanların ödəniş məsələləri həll olunacaq. Digər məsələlərlə bağlı isə müvafiq komissiya tərəfindən işlər davam etdirilir.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı