Azərbaycanda anbardan pul və spirtli içki oğurlandı

Ağdaş şəhəri ərazisində yerləşən anbarların birindən oğurluq edilib. Polis şöbəsinə müraciət edən zərərçəkən icarə əsasında işlətdiyi həmin obyektdən ümumi dəyəri 4700 manat olan spirtli içkilərin oğurlandığını bildirib.

 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş şəhər sakinləri, əvvəllər də bir neçə dəfə məhkum olunmuş dostlar-Səbuhi Nəbiyev və Təbriz Hüseynov saxlanılıblar. Onlar əməllərini etiraf ediblər və oğurladıqları spirtli içkiləri satdıqlarını bildiriblər. Qalanları isə onlardan maddi sübut kimi götürülüb.

 

Şəhər ərazisində digər bir oğurluq isə mağazadan edilib. Obyektin qapısı dəmir məhəccərlərlə bağlı olduğu üçün oğrular mağazanın damını sökərək içəriyə daxil olublar. Onlar əvvəlcə müşahidə kameralarının yaddaş qurğusunu sıradan çıxarıb, daha sonra isə kassada olan 3000 manat pulu, eləcə də 5000 manat dəyərində tütün məmulatlarını oğurlayıblar.

 

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədənlərdən biri, əvvəllər də adam öldürməyə görə məhkum olunmuş Rafiq Muradlı saxlanılıb. O, saxlanılan zaman müqavimət göstərib qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi nəticəsində buna imkan verilməyib. Oğurladıqları tütün məmulatları ondan maddi sübut kimi götürülüb. Cinayəti törədən digər şəxsin isə kimliyi müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

Faktla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv