Azərbaycanda asan iş tapmağın yolu - NAZİRLƏR AÇIQLADI

“Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb, hazırda 14 min aktiv vakansiya var.

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda bildirib.

 

Onun sözlərinə görə, son 4 ildə minimum əmək haqqı 2 dəfə, orta əmək haqqı isə 4 dəfə artıb: “Ən əsası median əmək haqqının artırılması məsələsidir. Median əmək haqqı son 4 ildə 75 faiz artıb. Median əmək haqqı aşağı gəlirli insanlar üçün çox əhəmiyyətlidir”.

 

S. Babayev deyib ki, Azərbaycanda kişilər və qadınların əməkhaqlarında fərq hələ də qalmaqdadır: “Bu məsələnin həllini tapması üzərində iş aparılır. Eyni zamanda, qadınların məşğulluq xidmətləri ilə əhatələnməsi artırılmalıdır. Bundan əlavə, hər bir işsiz kimi qeydiyyata alınan şəxsin fərdi məşğulluq planı hazırlanacaq. Aktiv məşğul əhalinin ən azı yarısının işlə təmin olunması nəzərdə tutulub”.

 

Nazir peşəyönümlü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması, 1000-dək peşə və kvalifikasiya standartının hazırlanması kimi işlərin davam etdiyini qeyd edib.

 

Təhsil naziri Emin Əmrullayev isə bildirib ki, əsas problemlərdən biri məktəb məzunlarının ixtisas sahibi olması məsələsidir.

 

“Bu, indinin problemi deyil, hazırda bu sahədə vəziyyət nisbətən daha yaxşı olsa da, həlli istiqamətində daha çox iş görməliyik" - deyən Emin Əmrullayev qeyd edib ki, Azərbaycanda hər il doğulan 150-160 min uşaq məktəbi bitirəndə əmək bazarına hansısa ixtisası olmadan daxil olur: "9-cu sinfi bitirir, əlində attestatı var, heç bir ixtisası yoxdur, 11-ci sinfi bitirir yenə də eyni problem. Bütün təhsil müəssisələrində oturacaqların sayı ilə doğulan uşaqların sayı arasında da bəlli bir fərq var. Bu fərq ona görədir ki, bir çox hallarda insanlar təhsillərini davam etdirmək istəmir".

 

Nazir deyib ki, ali və peşə təhsili arasında fərq var: "Son dövrlərdə peşə təhsilində artım müşahidə olunur. Peşə təhsilinə qəbul olmaq istəyənlərin sayında 30 faiz, qəbul olanların sayında isə 12 faiz artım var. Hazırda peşə təhsilində təhsil alanların sayı 26 600 nəfərdir".

 

Ali təhsil məsələsinə gəldikdə isə nazir deyib ki, 1990-cı illərin əvvəlində ali məktəblərə qəbul planı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır: "Son 5 ildə ərizə verənlərlə qəbul olanlar arasında fərq 2-dən aşağı düşüb. Hazırda qəbul planı 48 mindirsə, ərizə verənlərin sayı təxminən 80-90 min olur. Hər il ali təhsil müəssisələrinə rekord sayda qəbul olur".

 

E.Əmrullayev deyib ki, artıq yüksək peşə ixtisasları da açılıb, bunun fərqi odur ki, kollec məzunları subbakalavr pilləsində ali məktəblərə qəbul ola bilir.  

 

Nazir inkişaf etmiş ölkələrin bir çoxunda təhsilin  12-13 illik dövrü əhatə etdiyinə də diqqət çəkib.

 

Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə 3 yaşdan başlayaraq 100 faizlik əhatəlilik görürük: "İnkişaf etmiş ölkələrin bir çoxunda 12-13 illik təhsil müddəti var, öyrənmə saatının həcmi isə 20-30 faiz çoxdur. Bunları bir gün ərzində həll etmək olmur, bunlar uzunmüddətli dəyişimdir. Biz bunu dərhal başlamalıyıq ki, uzunmüddətli dövr artıq başlasın. 20-30 illik perspektiv haqqında danışanda deyilir ki, bu gün də inkişaf etməliyik. Təbii ki, hansısa qısamüddətli müdaxilələr də vacibdir. Bu məqamda hansı dəyişənlərin qısa müddətdə bizə nə verəcəyinə baxanda təhsilin ayrı-ayrı pilləsinə nəzər yetirməliyik".

 

Nazir məşğulluq baxımından əsas məsələnin bacarıqların səviyyəsi olduğunu vurğulayıb.  Onun sözlərinə görə, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində aidiyyəti qurumlarla işlər görüləcək.

 

Sevinc Vaqifqızı,

Ziya Allahyarov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv