Azərbaycanda bir neçə icra nümayəndəsi işdən çıxarıldı – CİNAYƏT İŞİ AÇILDI
Azərbaycanda bir neçə icra nümayəndəsi vəzifəsindən azad edilib və barələrində cinayət işi açılıb.
Baş Prokurorluğunun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.
Araşdırmalar zamanı Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verdiyi, Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin isə aprelin 1-dən 29-dək olan müddətdə sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz olaraq arayışlar verdiyi müəyyən olunub.
Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də imkansız ailələrə göndərilən ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə payladığı məlum olub.
Zərdab rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılovun da Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə payladığı müəyyən edilib.
Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər. Toplanmış materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.