Azərbaycanda boks üzrə dünya çempionatı keçiriləcək?
“Azərbaycanda boks o qədər yaxşı inkişaf edib ki, səfərimin məqsədi onu daha da gücləndirməkdir”.
APA TV xəbər verir ki, bunu Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov deyib.
Azərbaycana səfərdə olan Kremlyov Bakıdakı Boks Mərkəzində məşqçi və idmançılarla görüşüb. O, görüşdən sonra jurnalistlər üçün brifinq keçirib: “Burada belə gözəl boks akademiyası var. Ölkədə yaxşı idmançılar da var. Belqraddakı son dünya çempionatı bunu göstərdi. Azərbaycan boksçuları gözəl nəticələrə nail oldular. Azərbaycan boksçular ölkəsidir. Burada beynəlxalq qlobal tədbirlər keçirilməsi üçün gəlmişəm. Vəzifəmiz bütün idmançılar üçün şərait yaratmaqdır”.
Kremlyov Bakıda dünya çempionatı və ya buna yaxın səviyyəli turnirin keçirilməsi ehtimalına da toxunub:
”Hələ bunu deməyə hazır deyiləm. Hələlik müzakirələr mərhələsindəyik. Ola bilər ki, bu, dünya çempionatı olsun. Bundan başqa, “Çempionlar gecəsi” liqası da olacaq. Dünya çempionatı kimi olan “Qızıl əlcək” yarışı da var. Müzakirə edib, nədən başlayacağımıza qərar verəcəyik”.
Sonda idmançılara hədiyyələr paylanılıb.
Semral Cavad
Ziya Allahyarov
APA TV