Azərbaycanda bu kəndin sakinləri ildə 2 dəfə əncir yetişdirir

Azərbaycanda ən çox və dadlı əncir İsmayıllı rayonunun Kürdmaşı kəndində yetişdirilir. APA TV-nin yerli bürosunun xəbərinə görə, kənd sakinləri ildə 2 dəfə, yay və payız fəslində əncir yetişdirərək satmağa müvəffəq olurlar. Kürdmaşı kəndinin sakinləri 50 ildən çoxdur ki, öz həyətyanı sahələrində, meyvə bağlarında yetişdirdikləri ənciri satmaq üçün bazara getmirlər. Onlar əldə etdikləri ənciri elə kəndin mərkəzindən keçən Göyçay-Qaraməryəm-İsmayıllı avtomobil yolunun kənarında qablaşdıraraq müştərilərə təqdim edirlər. Bu kəndin yüzdən çox sakini səhərdən axşama kimi öz qapısının qarşısına, yolun kənarına əncir dolu qabları qoyaraq müştəri gözləyir. Yoldan keçən avtomobillərin sürücüləri, sərnişinlər ayaq saxlayaraq onlardan əncir alırlar. Sakinlər ağacdan yığıb satdıqları bu tər meyvələri baha qiymətə satsa da alıcılar bazara yox, bura üz tutur. Sakinlər deyir ki, əvvəl iki manata satdıqları əncir vedrəsi indi 5 manata satırlar. Qeyd edək ki, il boyu yol kənarında məhsul sataraq ailəsini dolandıran Kürdmaşı sakinləri əncir mövsümü başa çatdıqdan sonra digər meyvələri piştaxtaya düzürlər.

Müəllif | Apa.Tv
Apa.tv