Azərbaycanda bu qəsəbədə hər kəsin piyada hərəkət etdiyinin şahidi ola bilərsiniz

Gəncənin ən iri yaşayış massivlərindən biri olan Məhsəti qəsəbəsinin sakinləri sərnişin daşıma ilə məşğul olan mikroavtobusların yararsız halda olmasından narazıdırlar.

Sakinlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, nəqliyyat vasitələrinin nasaz vəziyyətdə olması bir yana sərnişinləri də necə deyərlər yolda qoyur. Sakinlər deyir ki, bəzən saatlarla marşrutun gəlməyini gözləməkdən gözlərinin kökü saralır.

Ümumiyyətlə bu qəsəbəyə yolu düşənlər uşaqlı-böyüklü hər kəsin piyada hərəkət etdiyinin şahidi ola bilər. Sakinləri qəsəbədən gedəcəyi ünvana aparacaq ən yaxşı nəqliyyat vasitəsi ya şəxsi avtomobilləridir, ya da taksi. Şənbə və bazar günləri qəsəbəyə cəmi bir marşrut işləyir.

Avtobus sürücüləri isə sərnişinlərin iradları ilə razılaşmır. Onların sözlərinə görə bacardıqları qədər tez sürməyə çalışırlar.

Məsələ ilə bağlı aidiyyəti üzrə Maraqlandıq. Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən bildirildi ki, problemin həlli istiqamətində işlər aparılacaq. Sözügedən qəsəbənin marşrut xəttinə əlavə mikroavtobus buraxılacaq.

Görünən odur ki, uzun illərdir  çətin vəziyyətlə  üzləşən sakinlər sentyabra kimi bu yayın istisində, qızmar günəş altında hələ çox gözləməli olacaq.

 Fuad  Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

Müəllif | Apa.Tv
Apa.tv