Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı, bir nəfər vəfat etdi
Azərbaycanda koronavirus infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən xəbərə görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib. 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23-nün vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılıb.