Azərbaycanda əkin sahələrinin sığortası üzrə ilk ödəniş həyata keçirilib

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahəsinə dəyən zərərlə bağlı ilk sığorta ödənişi həyata keçirilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, sığorta ödənişi İsmayıllı rayonunun Mücühəftaran kəndində fəaliyyət göstərən fermer Arif Niftəliyevə məxsus üzümçülük təsərrüfatına edilib. Fermerin 4 hektarlıq üzüm bağının 2 hektarı Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb. İyun ayında İsmayıllı rayonunda yağan dolu təsərrüfata ciddi zərər vurub, məhsul tamamilə korlanıb. Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığorta ekspertləri hadisəni araşdırıb, hava şəraiti və digər məsələlərlə bağlı sənədləşdirmə işləri həyata keçirilib. Nəticədə idarə heyətinin qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. Müvafiq prosedurlardan sonra 3 780 manat məbləğində sığorta ödənişi fermer Arif Niftəliyevin bank hesabına köçürülüb.

Qeyd edək ki, fermer Arif Niftəliyev ona məxsus olan 4 hektar üzüm bağının 2 hektarlıq hissəsini könüllü şəkildə sığortalayıb. Üzüm sahəsinin sığortası üzrə hesablanmış sığorta haqqı 260 manat təşkil edib. Fermer bu məbləğin 50%-ni, yəni 130 manatını özü ödəyib, məbləğin qalan hissəsi isə aqrar sığorta qaydalarına uyğun olaraq fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilib. Qarşıdakı dövrlərdə sığortalanan bitkilərin siyahısının daha da genişləndiriləcəyini bildirilir

Şahnəzər Bəşirov

 

Müəllif | Apa.Tv
Apa.tv