Azərbaycanda ən qeyri-adi qəbiristanlıq: Adamın lap ölməyi gəlir
Hər yan gül-çiçək, yamyaşıl otlar, kölgəli ağaclar. Bura park yox, məzarlıqdır.
Bəli, APA TV-nin yerli bürosunun xəbərinə görə, Zaqataladakı qəbirlər çəmənlik, quşların nəğməsi və quran səsi ilə əhatələnib. Elə bil cənnətdədir. Hətta hasarsız, dəmir barmaqlıqlarla çəpərlənməyən qəbirlərin üstündə mərmər daşı yox, bitki örtüyü var. Səbəbini soruşanda buranın sakinləri deyirlər ki, Allahın nuru, yağış torpağa dəyməlidir. Bir sözlə Zaqataladakı məzarlıqları görəndə lap adamın ölməyi gəlir.
Bəs bu təmizlik, gözəllik haradan gəlir? Səbəbi ilə maraqlandıq. Öyrəndik ki, sən demə, bu yerlərdə məscidlərdə yalnız azan səsi eşidilmir. Azan səsindən sonra başqa səs də eşidilir: “Bu tarix, bu saatda qəbiristanlıqda iməcilik olacaq.” Sakinlər deyir ki, hər bayramqabağı yaz, payız ərəfəsində yığışıb qəbiristanlığa gedib, səliqə-sahman yaradırlar.
Sakinlərin sözlərinə görə, elə qəbir ola bilər ki, ölənin yaxını burda deyil və ya ölən kimsəsizdir. Fərq qoymadan qəbiristanlıqda təmizlik işi aparanlar o qəbirləri də təmizləyir.
İllərdir ki, Zaqatalanın hər yerində bütün qəbiristanlıqlarda belə iməcliklər keçirilir.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV