Azərbaycanda hərbi vəziyyət 12 dekabr saat 00:00-dan ləğv edilir
Prezident İlham Əliyev hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərman imzalayıb.
APA TV-nin məlumatına görə, Fərmanda deyilir:
“1. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin.
2. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə” məsələ müzakirəyə çıxarılıb və təsdiq edilib.