AZƏRBAYCANDA İLK: qaçqın statusu almış şəxslərə “Yol sənədi” təqdim olundu

Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanda qaçqın statusu almış şəxslərə ilk dəfə “Yol sənədi” təqdim olunub.

 

APA TV-nin məlumatına görə, tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəlikləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan DMX rəisi Vüsal Hüseynov Xidmət tərəfindən hazırlanan və Azərbaycanda qaçqın statusu almış şəxslərə, həmçinin onların ailə üzvlərinə ölkə hüdudlarından kənarda hərəkət etmək hüququ verəcək “Yol sənədi”nin əhəmiyyəti və üstünlükləri barədə məlumat verib. O, beynəlxalq tələb və standartlara uyğun hazırlanan "Yol sənədi"nin 5 il müddətinə verildiyini qeyd edib: “Bu gündən etibarən qaçqınlar "Yol sənədi"ni əldə etməklə digər ölkələrə rahat səyahət edə biləcəklər. Qaçqın üçün sığınacaq aldığı ölkədən kənara çıxa bilməsi xüsusilə vacibdir. Bu, onların Azərbaycan cəmiyyətinə hərtərəfli inteqrasiya olmalarını təmin edəcək".

 

Xidmət rəisi söyləyib ki, ölkəmizdə qaçqın statusu əsasında yaşayan 83 əcnəbiyə bu gündən "Yol sənədi" təmin olunması başlanılır.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyi hüquq şöbəsinin müdiri Oktavian Mohorea Azərbaycan dövlətinin verəcəyi "Yol sənədi"nin qaçqın statusunda yaşayanlar üçün əlavə imkanlar yaradacağını söyləyib.

 

Tədbir çərçivəsində Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.migrationto.az saytının da təqdimatı keçirilib. Belə ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə birgə həyata keçirilən "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək" layihəsi çərçivəsində hazırlanmış veb-saytda ölkəmizə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər və ölkənin mədəniyyət tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatlar yer alıb.

 

Tədbirin sonunda Azərbaycanın Miqrasiya qanunvericiliyi və qanunvericiliyə edilmiş son dəyişikliklərlə bağlı məlumat verilib və müzakirələr aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv