Azərbaycanda iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi – RƏSMİLƏR İRANLA SƏRHƏDDƏ

Fevralın 24-də Bakıdakı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

 

APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

 

Məlumata görə, onlar 1995-ci il təvəllüdlü Azərbaycan və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır.

 

Qeyd edilib ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

 

Bu arada qeyd edək ki, İran parlamentinin Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Fərahani bu gün parlamentin iclasından sonra İranın Qum şəhərində koronavirusun yayılmasına görə vəziyyətin ürəkaçan olmadığını deyib.  Millət vəkili bildirib ki, İran hökuməti virusa nəzarətdə uğurlu addım ata bilmir: “İndiyə kimi koronovirusdan 50 nəfər həyatını itirib. Şəhəri karantinə almayıblar. Tibb bacılarının karantinə uyğun geyimləri yoxdur. Hökumət xəbərlərin yayılmasında maneə yaradır”.

 

Koronavirusdan iki azyaşlının da həyatını itirdiyini deyən millət vəkili bildirib ki, 250 nəfərdən çox şəxs Qum şəhərində karantindədir. Onun sözlərinə görə, üç həftədir koronavirus Qumda yayılıb, lakin hökumət bu məsələni gec elan edib. Apteklərdə maska çatışmazlığı mövcuddur.

 

İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi isə Qum şəhərində 50 nəfərin koronavirusdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib edib: "Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm. O qeyd edib ki, koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb. Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir. Ölən şəxslər Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun dəfn olunacaqlar”.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər.

Müəllif | Apa.Tv
Apa.tv