Azərbaycanda ilk: xəstəliklərə davamlı calaqaltılar yetişdirilir
Azərbaycanda ilk dəfə mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltıların alınmasına başlanılıb.
Bu barədə APA TV-nin şimal bürosuna Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan məlumat verilib.
İnstitutun böyük elmi işçisi Çingiz Balazadə deyir ki, bitkilərin bu üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir. Birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir: “14 gündən sonra biz onları işıqlı mühitə-iqlim otaqlarımıza alırıq. Burda da öz inkişaf mərhələsini davam etdirir. Bu mərhələlər də 8 həftə boyunca davam edir ki, hər həftə də biz calaqaltıların qida mühitini dəyişmək məcburiyyətindəyik”.
Tədqiqat işlərinin ilkin müsbət nəticələri artıq əldə olunub. Planlaşmaya görə, əldə olunacaq klon calaqaltı formaları quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı daha davamlı olacaq. Bu calaqaltılar üzərində yetişdirilən meyvə sortlarının məhsuldarlığının daha da yüksək olması planlaşdırılır.
İnstitutun elmi işlər üzrə direktor müavini Vahid Əliyevin sözlərinə görə, xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir: “Meyvə bitkilərinin əkin materialı ölkəmizə xaricdən gətirilir. Həqiqətən xaricdən gətirilən əkin materialı virus və bakteriya mənşəli xəstəliklərlə sirayətlənmiş olur. Bunun qarşısını almaq üçün Qida Təhlükəzisliyi Agentliyi əkin materiallarını aqrebakterium xəstəliyinə yoluxduğu üçün yandırılmışdır”.
Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə azaldacaq.