Azərbaycanda kamikadze PUA yaradıldı

AMEA-nın Yüksək Texnologiyalar Parkında biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi məqsədilə inkubator rezidentliyinə seçim müsabiqəsi keçirilib.


AMEA-nın Yüksək Texnologiyalar Parkının əməkdaşı Aysel Qədirovanın sözlərinə görə, layihənin keçirilməsində əsas məqsədimiz ideya mərhələsindəki startapları prototip hazırlanması mərhələsinə gətirib çıxarmaq, daha sonra bu  biznesin bazarda investor tapmasına dəstək göstərməkdir. Bu müsabiqə çərçivəsində ümumilikdə 21 layihə təqdim edilib.

 
Layihə rəhbəri Nadir Babaxanovun “GÖZ - N1” pilotsuz uçan aparat (PUA) layihəsi müsabiqənin qalibi olub. Onun sözlərinə görə, layihənin adının “GÖZ - N1” olmasına səbəb dronun kamerasının insan gözünə oxşaması ilə bağlıdır. N1 isə onun kamerasının yüksək peşəkarlıqla çəkim apara bildiyini göstərir. Dronun prototipi artıq hazırlanma mərhələsindədir: “Hazırlıq işləri artıq başlanılıb, 3-4 ay ərzində uçuş sınaqlarını bitirməyi planlaşdırırıq. Bəs layihənin ideyası sizdə necə yarandı? Dronlar mənim üçün maraqlı sahədir. Dünyanın bir çox ölkəsində, məsələn, Amerika, Türkiyə, İsrail bazarlarında dronlar var, məndə isə bu dronların ortaq cəhətlərini birləşdirmək fikri yarandı”.


Yeni yaradılacaq PUA-lar digərlərindən bir sıra üstünlükləri ilə seçiləcək. Layihə rəhbərinin dediyinə görə, yeni dronlar Azərbaycanda daha əvvəl istehsal olunmayıb: “Əksər PUA-lar hava şəraitindən asılı olaraq yağışda və küləkdə uça bilmir. Bunun səbəbi isə ölçüsü və çəkisinə görə dəyişir. Bu dron isə istənilən hava şəraitində və istənilən məkanda uçuş aparmaq gücünə malikdir”.


“GÖZ - N1”-in ümumi çəkisi 2,5 kq təşkil edir. Drondan hərbi sənayedə kəşfiyyat və kamikadze məqsədilə istifadə etmək, düşmənin yerləşdiyi artilleriya və ya bölüklərin dəqiq koordinatlarını tapmaq, eyni zamanda yanğınların söndürülməsi üçün də istifadə edilə bilər”.


“GÖZ - N1” layihəsinin maliyyə büdcəsi yerli və xarici investorların hesabına formalaşacaq. Azərbaycanda istehsal olunacaq PUA-ların əlavə detallarının isə Türkiyədən gətirilməsi planlaşdırılır.


SEMRAL CAVAD

SAMİR QARAGÖZOV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv