Azərbaycanda karantin rejimi uzadıldı – AVQUSTADƏK

“Ölkədə epidemioloji vəziyyət təhlil olunub. Karantin rejiminin avqustun 1-dək uzadılması barədə qərar qəbul olunub”.

 

APA TV-nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

 

O, bildirib ki, Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq.

Ciddi karantin rejimi 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək dövrü əhatə edəcək. Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək.  Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

 

Leyla Abdullayevanın sözlərinə görə, Bakı metrosu xüsusi karantin rejimi müddətində fəaliyyətini davam etdirəcək. Bulvar və parklara giriş də məhdudlaşdırılmayacaq.

 

Leyla Abdullayeva məhdudiyyət tətbiq ediləcək sahələri açıqlayıb:

 

“Məhdudiyyətlərə dövlət və özəl təşkilatlarla işləyənlərlə bağlı məhdudiyyətlər, yəni müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin dayandırılması, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlərin dayandırılması, muzey və sərgi salonlarının fəaliyyətinin dayandırılması, malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları daxildir”.

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd edib ki, 1 iyundan qüvvədə olan bəzi məhdudiyyətlər var idi ki, onlar da bu zaman çərçivəsində saxlanılır. Yəni rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq, bərpa üzrə xidmətlər (burada tibbi xidmətlər istisna təşkil edir), mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti, hotellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri, tədbirlərin təşkili, təhsil müəssisələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdən artıq qrupda cəmləşmə məhdudiyyətləri qüvvədə qalır.

 

Leyla Abdullayeva deyib ki, dövlət sərhədləri avqustun 1-dək bağlı qalacaq. Bundan əlavə o, iyunun 24-25-də keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı məsələ müzakirə olunduğunu da qeyd edib. Bildirib ki, ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə buraxılış və qəbul imtahanları təxirə salınacaq. Yalnız Naxçıvan Muxtar Respublikası ərazisində ola bilsin ki, bu imtahanlar keçirilsin.

 

XİN rəsmisi vurğulayıb ki, iş rejimi ilə bağlı özəl və dövlət sektorunda çalışanlar şəxsi avtomobillərdən istifadə edə biləcəklər. Xüsusi karantin rejimi günlərində metro ilə yanaşı, digər ictimai nəqliyyat növləri də fəaliyyət göstərəcək. 

 

Daha sonra çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı  Azərbaycanda koronavirusla əlaqədar icra olunan testlərin sayı 400 mindən çox olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda 5 000 nəfərə yaxın aktiv xəstə var: “157 nəfər reanimasiya şöbəsində müalicə alır, 30 nəfəri süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir.

TƏBİB-in sədri bildirib ki, əvvəldən baş verənlər daha uzunmüddətli məhdudiyyətlərin tətbiqinə hazırlıq proseslərini sürətləndirirdi:  “Çarpayı fondu kifayət qədər var idi. Adətən, xəstəxanaların çarpayı fondunun 15%-i reanimasiya şöbəsi üçün nəzərdə tutulurdu. Xəstələrin böyük hissəsinin oksigenə ehtiyacı yaranıb. Xəstəxanaların oksigen sistemi bu qədər sayda xəstəyə hesablanmayıb. Ölkəyə xeyli miqdarda oksigen generatorları gətirilib”.

 

Ramin Bayramlı qeyd edib ki, tibb müəssisələrinin koronavirusla əlaqəli xəstələr üçün hazırlanması istiqamətində ciddi işlər görülüb. Hazırda 5 000-ə yaxın aktiv xəstə var.

Onun sözlərinə görə, bir çox ölkələrdə koronavirusdan vəfat edənlərin sayı Azərbaycanda xəstəliyə yoluxanların sayı qədərdir. Dünya ölkələrində yoluxanlar arasında 4-18 faiz ölüm var.

 

TƏBİB-in sədri bildirib ki, hələ də yas yerlərində kütləvi toplaşanlar var. İctimai nəqliyyatda qoruyucu maska taxmayanlar yoluxma sayında artıma səbəb olur.

 

Ramin Bayramlı deyib ki, artıq modul tipli xəstəxanalara xəstə yatırılmasına başlanılıb. Poliknik müşahidə altında xəstələrin evdə müalicə olunması ilə bağlı hazırlıq işləri yekunlaşır. Bunun üçün bir sıra ölkələrin təcrübəsindən istifadə ediləcək. E-təbib mobil tətbiqi hazırlanır və bu sistemlə evdə müalicə olunan xəstələri izləmək mümkün olacaq.

 

O, həmçinin qeyd edib ki, evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək və qərara əsasən müalicələrinin ev və ya xəstəxana şəraitində davam etdirilməsi barədə qərar qəbul ediləcək.

 

Konfransda Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanalarının pandemiya xəstəxanalarına çevrilməsi ilə bağlı sualı cavablandıran Ramin Bayramlı söyləyib ki, bu rayonlardakı digər xəstələr 30-40 dəqiqə uzaqlıqda yerləşən digər xəstəxanalarda müalicə olunacaqlar. Dializ və digər xəstələrlə bağlı fəaliyyətlər isə həmin xəstəxanalarda davam etdiriləcək. Bakı və digər rayonlarda tibbi xidmətlərlə bağlı hər hansı çatışmazlıq olmayacaq.

 

Ramin Bayramlı qeyd edib ki, deksametazon yalnız ağır xəstələrlə bağlı istifadə edilir. Deksametazondan istifadə yeni deyil. Yüngül xəstələr üçün bu dərmanı qəbul etmək təhlükəlidir.

 

TƏBİB sədri açıqlayıb ki, karantin rejiminin ciddiləşməsi tətbiq olunan bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq. Bundan əlavə o, deyib ki, insanların sıx toplaşmaması baxımından saatları tənzimləməklə icazə mümkün olacaq.

Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov vurğulayıb ki, sərt karantin rejiminin iqtisadi, psixoloji və mədəni sahədə verdiyi orta və uzunmüddətli zərərlər var. Ancaq Prezident İlham Əliyev insanların sağlamlığının prioritet olduğunu bəyan edib və bu strategiya davam etdirilir:

 

“Azərbaycan cəmiyyətinin böyük bir hissəsi pandemiyanın olduğunu qəbul edənə qədər yenidən qadağalara geri dönmələrlə qarşı-qarşıya qala bilərik. Təhlükə vardısa, niyə yumşalma olmasına gəlincə, əgər Ümumdünya Səhiyyə Təşkilatı, ölkələr virusun necə davranacağını bilsəydi, pandemiya elan olunmazdı”.

 

Rəşad Mahmudovun sözlərinə görə, hələ də Azərbaycan cəmiyyətində həqiqətən koronavirusun olub-olmaması barədə suallara rast gəlirik. Biz dünyada bu problemin həll olunmasına inanmalı və mətin addımlarla irəliləməliyik.

 

Rəşad Mahmudov əlavə olaraq vurğulayıb ki, infeksiya olduğu halda Bəhram Bağırzadəyə orqan köçürülməsi mümkün deyil. Dünyanın heç bir ölkəsində virusa yoluxan xəstəyə orqan köçürülmür. Xəstə sağalandan sonra orqan köçürülməsi müzakirə mövzusu ola bilər.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov həmçinin deyib ki, kondisionerlərin koronavirusu yayması ilə bağlı hər hansı təsdiq olunmuş məlumat yoxdur. Ancaq kondisionerlərin istənilən şəraitdə istifadə edilməsi məsələsinə də həssas yanaşmaq lazımdır. İnfeksiyaya yoluxmuş insanların uzun müddət kondisionerin altında yatması onların durumunu daha da ağırlaşdıra bilər.

 

 

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv