Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər

Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur.

 

APA TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

 

Qeyd edilib ki, son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib. Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər.

 

Əlavə olaraq bildirilib ki, respublikamızda virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var.

 

Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv