Azərbaycanda koronavirusa yoluxan xəstənin müalicəsinə gündəlik nə qədər pul xərclənir? – RƏSMİ
Azərbaycanda koronavirusa yoluxanların 54%-i qadın, 46%-i kişilərdir.
APA TV xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O, koronavirusdan ən çox ölümlərin qeydə alındığı yaş qrupunu da açıqlayıb. Bildirib ki, ən çox ölüm qeydə alınan 60-69 yaş arası şəxslər olub. Bu isə koronavirusdan ümumi ölümlərin 43 faizini təşkil edir.
Agentlik sədrinin sözlərinə görə, Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə bir gündə xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir: “Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür. Bu rəqəm dəyişən rəqəmdir. Qeyd olunan rəqəm marta dayanan rəqəmdir. Bu xərclər xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim, maska və həkimlərə verilən əmək haqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur".
Zaur Əliyev bildirib ki, son zamanlar Gəncədə karantin rejiminə düzgün əməl olunmadığına görə virusa yoluxanların sayında artım olub. Oraya İşçi qrupu ezam olunub və araşdırılır: “Yoluxma halları ailə üzvləri arasında olur. Hansı ki, bir nəfər bir neçə nəfəri yoluxdurur. Tibb işçiləri arasında da yoluxmalar müşahidə olunur. Həmin bu iki hal da Gəncədə müşahidə olunur. Bir neçə ocaq müəyyənləşdirmişik”.
Paytaxt Bakıya gəlincə, Zaur Əliyev deyib ki, daha çox yoluxma Sabunçu və Yasamal rayonlarında qeydə alınıb: “Bakıda yoluxma ən çox Yasamal və Sabunçu rayonlarına şamil olunur. Yasamalda ona görə idi ki, orada da bir neçə ocaq müəyyənləşmişdi. Bir nəfər çoxlu sayda insanı yoluxdurmusdu”.
Agentliyin sədri təəssüflə bildirib ki, son günlər Azərbaycanda yoluxma sayında artım müşahidə olunur. Bu isə karantinin yumşaldılmasından sonra insanların arxayınlaşması ilə əlaqədardır.