Azərbaycanda koronavirusa yoluxmuş ən yaşlı sakin sağaldı

Azərbaycanda koronavirusa yoluxmuş ən yaşlı sakin sağalandan sonra evə buraxılıb. 


APA TV-nin cənub bürosunun məlumatına görə, mart ayının son günlərində koronavirusa yoluxmuş 92 yaşlı Ağabəyim Axundova bir neçə gündür ki, öz evinə qayıdıb: “Bu nədir, bu öskürmək nədir, başa düşmədim. Mənə heç hərarət vermədi. Bir dəfə olmadı mənim qızdırmam olsun. Heç olmasa, 37 olsun, mən də biləm ki, xəstəyəm. Özümü xəstə hiss eləmirdim Masallıya gedənə qədər, gümrah hiss eləyirdim”. 

 

Ağabəyim Axundova xəstəliyə tutulduğu və onunla mübarizə apardığı çətin günlərdə sağlamlığının bərpasına və hər cür dövlət qayğısı ilə əhatə olunduğuna görə ölkə başçısına və həkimlərə minnətdarlığını bildirib: “İndi əla, heç yerim ağrımır, heç nədən şikayətim yoxdur. Sağ olsunlar bizim həkimlər, Allah onlara cansağlığı versin, sağaltdılar məni. Bu öskürməyi də məndən rədd elədilər. Sağ olsun, bizim prezident bu camaatı qoruyur, bu əhalini qoruyur, xəstəlikdən də qoruyur, həkimlər də sağ olsun”.

 

Lənkəran rayonunun Boladı kəndində yaşayan Axundovlar ailəsinin 3 üzvündə - Ağabəyim Axundova, onun oğlu Aydın və gəlini İlahədə yeni növ koronavirus infeksiyasına yoluxma faktı ötən ay qeydə alınıb. Boladı kənd həkim məntəqəsində tibb bacısı işləyən İlahə Axundova virusun ilk əlamətlərini hiss edən kimi özünə ilkin yardım etsə də, bir neçə gün keçdikdən  sonra səhhətinin daha da pisləşdiyini və ailə üzvlərinin də vəziyyətinin yaxşı olmadığını görüb və təcili tibbi yardıma müraciət edib: “Sahə üzrə termometriya aparırdım əhali arasında. Ondan sonra yoluxdum. Martın 29-da məndə ümumi zəiflik başladı. Qızdırmam oldu 37 dərəcə, 37.5 dərəcə. Belə 5 gün davam elədi, artıq yataqda idim. Sonra gördüm yoldaşımda da temperatur 37-dir, onda da ümumi zəiflik, həm də oynaq ağrıları başladı. Qayınanamda isə həddən artıq güclü öskürək var idi. Zəng elədim təcili yardıma, sağ olsunlar, gəldilər. Birinci test analizi məndən götürdülər, sonra da yoldaşımdan, qayınanamdan. Bizi apardılar karantinə, 11 gün orada müalicə aldıq, yoldaşımla mən sağalıb çıxdıq oradan. Qayınanamda pnevmoniya əlamətləri olduğuna görə onu Bakıya apardılar. Orada da yüksək səviyyədə müalicə olundu, çox qəşəng. Qaynanam özü də razılıq eləyir”.


 

Ağabəyim Axundova həkimlərin ona göstərdiyi diqqətə görə razı qaldığını bildirir: “Sən Azərbaycan Lənkəran rayonu Boladı kəndindən bizə qonaq gəlmisən, sən bizim anamızsan, fəxr eləyirik səninlə. Sən bu yaşda, 92 yaşında ana bizə qonaq gəlib”. Həkimlər yığışıblar, kimdir axı bunlar? Başa düşmürəm bunlar nə deyir hərəsi mənə bir yandan. “Fəxr edirik səninlə, ana. Sənə heç bir şey olmaz, sağlamsan”. Həmişə mənə ürək-dirək verirdilər”. 

 

İndi isə Axundovlar ailəsinin hər üç üzvü sağalaraq öz evlərinə geri qayıdıblar. Üçünün də səhhətində artıq heç bir problem yoxdur. Belə bir çətin sınaqdan keçən ailə hər kəsə daha diqqətli olmağı və koronavirusa etinasız yanaşmamağı tövsiyə edirlər: “Özlərini qorusunlar, buna elə-belə yanaşmasınlar. Maska, əlcəklə gəzsinlər, çalışsınlar evdə qalsınlar. Yəni bu xəstəlik baş verməsin deyə. Evdə qalsaydım, bəlkə də yoluxmazdım, çünki əhali arasında gəzirdim. Mən özüm də bildim ki, mən bunları yoluxdurdum, bunlar çünki evdən çölə çıxmırdılar”.

 

92 yaşlı Ağabəyim Axundova xəstəlikdən qorunmaq üçün vətəndaşları diqqətli olmağa çağırır: “Maska taxsınlar, bu xəstəlikdən qorunsunlar. Xəstəlikdən özlərini qorusalar, hamısı sağlam olar. Mən getdim Bakıya, sağaldım gəldim, siz də özünüzü qoruyun”.

 

Sonda Ağabəyim nənə vətəndaşları karantin rejiminin yumşaldılmasından arxayınlaşmamağa və virusdan qorunmaq üçün təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.


 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv