Azərbaycanda koronavirusdan ilk ölüm faktı qeydə alındı
Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.
Qərargahdan APA TV-yə daxil olan məlumatda bildirilir ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib.
Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib. Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkarlanıb.
Eyni zamanda, həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub. Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilib, onun vəziyyəti nəzarətə götürülüb və intensiv müalicə tədbirləri həyata keçirilib. Bütün səylərə baxmayaraq, həmin şəxsin ağır autoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşib, çoxsaylı orqan çatışmazlığı inkişaf edib, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilərək onlar karantinə götürülüb.
Qərargahın məlumatında həmçinin qeyd edilib ki, bu günə olan məlumata görə, dünyada 129.185 nəfər koronavirusa yoluxub və bu xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Buna görə də ürək-damar, eləcə də xroniki xəstəlikləri olanlar, yuxarı yaş kateqoriyasına aid şəxslər virusa qarşı profilaktik tədbirləri daha da gücləndirməlidir.
Qərargah bir daha vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və operativ qərargahın virusa qarşı profilaktik tədbirlər çərçivəsindəki tövsiyələrinə ciddi riayət etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa, tibbi-profilaktik və dezinfeksiya qaydalarına əməl etməyə çağırır.