Azərbaycanda mexaniki minatəmizləmə maşınlarının sayı artırılır
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olmuş əraziləri ermənilərin basdırdığı minalardan təmizləmək üçün mexaniki minatəmizləmə maşınlarının sayını artırır.
APA TV-nin məlumatına görə, mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə əməliyyatlarını sürətləndirmək üçün Xorvatiyanın DOK-İNG şirkətinin istehsalı olan MV-10 və MV – 4 mexaniki minatəmizləmə maşınları alınıb. Şirkətlə bağlanmış müqaviləyə əsasən ümumi olaraq 11 ədəd xüsusi təyinatlı minatəmizləmə maşınının ölkəyə gətirilməsi nəzərdə tutulub. Artıq qeyd edilən maşınlardan 10 ədədi Agentliyə təhvil verilib, 1 mexaniki vasitənin isə cari ilin ilk yarım illiyinədək çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Humanitar minatəmizləmə işlərinin aparılması üçün istifadə edilən MV-10 maşınları 3000 metrə qədər məsafədən pult ilə idarə olunur. MV – 4 maşınları üzrə bu məsafə 1500 metr təşkil edir. Maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV, Füzuli