Azərbaycanda mobil telefonlar bahalaşacaq - XƏBƏRDARLIQ

Nazirlər Kabinetinin yeni qərarına əsasən, fevralın 15-dən vətəndaşlar xaricdən gətirdikləri mobil telefonun İMEİ kodunu gömrükdə bəyan etməli olacaqlar.

Belə ki, əvvəllər bu mütləq hal deyildisə, yeniliyə görə, ölkəyə gətirilən telefonların İMEİ kodu məhsul gömrüyü keçəndə qeydə alınacaq.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, 2021-ci ildən xaricdən hər hansı mal gətirilməsinə yeni məbləğ məhdudiyyətləri müəyyənləşdirilib.

O bildirib ki, həmin qaydalara əsasən, şəxsi istehlak üçün bir dəfəyə gətirilən mallara təyin olunmuş məbləğ 1500 dollardan 800 dollara endirilib.

İqtisadçının sözlərinə görə, əvvəllər istehlakçı vergidən yayınaraq məhsulu gətirib daha ucuz qiymətə satışa çıxarırdı. Alıcı isə rəsmi dillerdə telefonun satış qiymətini 20-30% baha görüb aşağı qiymətli telefonu almağa üstünlük verirdi.

Lakin yeni qərara əsasən, telefonun İMEİ kodu ilə onun yeniliyi müəyyənləşdirilib, qiymətinə uyğun olaraq rüsum təyin edilir.

Texnobloger Fərid Pərdəşünas isə bildirib ki, yeni qərar yerli vətəndaşlara və uzun müddət Azərbaycanda qalacaq şəxslərə aiddir.

O qeyd edib ki, rüsum telefon dəyərinin 800 dollardan artıq olan hissəsinə tətbiq ediləcək və 36%-lə hesablanacaq.

İqtisadçı ekspert Əli Əhmədovun fikrincə, yeni qaydalar tətbiq edildikdən sonra telefon bazarında bahalaşma müşahidə olunacaq.

Ekspertlər bildiriblər ki, yeni qaydalara əməl etməyənləri 12 min manata qədər cərimə gözləyir.

Müəllif | Apa.Tv
Apa.tv