Azərbaycanda niyə kəndlərin dili-dodağı quruyur? - APA TV
Hazırda dünyanı təhdid edən başlıca problemlərdən biri də su çatışmazlığıdır. Məhz buna görə də, gələcək müharibələrin içməli suya görə olacağı proqnozlaşdırılır.
Təəssüf ki, Azərbaycan da su qıtlığı yaşayan ölkələr arasında ilk sıralardadır. Son bir neçə ildir ki, bu problem daha da qabarıq hal alıb. Yay aylarında əksər rayonlarımızda su tapılmır, təsərrüfatlar məhv olur, bu da insanların əkinçilikdən uzaqlaşması, kəndlərin boşalması ilə nəticələnir.
Bu süjetimizdə 3 əsas suala cavab tapmağa çalışacağıq. Azərbaycanda su qutlığı niyə yaranır? Bu problemin fəsadları nələrdir? Vəziyyətdən çıxış yolu varmı?
Araşdırmaçı jurnalist, ekoloq Cəmşid Bəxtiyar deyir ki, kəndlərdə suyun azalmasının əsas səbəbi su təchizatında bölgünün düzgün aparılmamasıdır. Onun sözlərinə görə, rayon mərkəzlərinə gecə-gündüz içməli su verildiyi halda, kəndlər həftələrlə, bəzən də aylarla susuz qalır.
Ekoloq digər əsas səbəb kimi, bəzi məmurların, iri şirkətlərin əkinçiliklə məşğul olmasını göstərir. Onun sözlərinə görə, bir kəndlinin torpaq sahəsini alan şirkət və ya məmur bir neçə kəndlinin su ehtiyatını mənimsəyir. Nəticədə illərlə eyni problemlə üzləşən digər təsərrüfat sahibləri də öz torpaqlarını sataraq şəhər və şəhərətrafı ərazilərə üz tuturlar.
Cəmşid Bəxtiyarın sözlərinə görə, iri şirkətlər təkcə su qıtlığı deyil, həm də torpaq qıtlığı yaradırlar. Onlar su tutan torpaq sahələrini öz imkanlarından istifadə edərək mənimsəyirlər.
Araşdırmaçı-jurnalist, sosioloq Elçin Bayramlının fikrincə, su qıtlığı davam edərsə, əhalinin məskunlaşması ilə bağlı problemlər də böyüyəcək. Kənd təsərrüfatı ilə məşğul ola bilməyən, illik azuqəsini təmin etməkdə çətinlik çəkən kəndli qapısını bağlayıb ya böyük şəhərlərə üz tutacaq, ya da ölkəni tərk edəcək. Bu da iqtisadi problemlərlə yanaşı, domoqrafik natarazlıq da yaradacaq
Elçin Bayramlının fikrincə, su qıtlığı ilə qarşılaşan ərazilərdə artezian quyularının sayı artırılmalıdır. Ancaq hazırda bu sahədə bürokratik əngəllər var. Onun iddiasına görə, bəzi hallarda kəndlilər öz hesablarına quyu qazmaq istəsələr də, onlardan rüşvət tələb olunur.
Cəmşid Bəxtiyarın sözlərinə görə, müasir suvarma sistemləri bizim kəndlərə hələ də gəlib çıxmayıb. Buna görə də, sudan səmərəli istifadə vərdişləri formalaşmır, israfçılığa yol verilir.
İqtisadçı ekspert Eldəniz Əmirov isə deyir ki, hazırda problemin tam həlli parkatik olaraq mümkün deyil. Buna görə də gələcəyə yönəlik təsirli addımlar atılmalı, bu sahədə görülən işlər sürətləndirilməlidir.
Bəli, su təminatının günbəgün azaldığı bir dövrdə mövcud su ehtiyatlarından səmərəli istifadə, suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir. Mütəxəssislərin araşdırmalarına görə, su təminatının tarazlaşdırılmasına gedən əsas yol ədalətli bölgüdən keçir. Bəs biz ədalətli bölgünü bacarmışıqmı? Əminik ki, süjetimizdə bu suala da cavab tapdınız.
Vüsalə Əmirxanova
APA TV