Azərbaycanda niyə özəl məktəbdə oxuyan şagird repetitor yanına gedir?

 

Dövlət təhsil müəssisəsilərində təhsil ödənişsiz olsa da, bəzi valideynlər övladlarını ödənişli məktəblərə göndərirlər. Buna səbəb valideynlərin özəl məktəblərin verdiyi təhsili daha keyfiyyətli hesab etməsidir. Azərbaycanda fəalliyət göstərən özəl məktəblərin illik ödənişi təxminən 3-55 min manat arasındadır. Qiymətlər və bu qiymətlərə nələrin daxil olub-olmaması yalnız hər özəl məktəbin öz qaydalarına görə müəyyənləşir. Belə ki, qiymətlər təhsil pilləsindən və tədrisin hansı dildə aparılmasından asılı olaraq dəyişir. Bəzi özəl məktəblərdə təhsilə görə illik ödəniş müqavilənin şərtlərinə əsasən hər il də dəyişə bilər. Qiymətə bəzən əlavə məşğələlər, nəqliyyat xidməti, qidalanma daxil olduğu halda, əksər hallarda heç nə daxil olmur. Təhsil eksperti Səbuhi Abdullayev deyir ki, dövlət məktəblərində sinifdə şagird sıxlığının olması təhsilin keyfiyyətini aşağı salan səbəblərdəndir. Buna görə də bəzi valideynlər keyfiyyətli təhsil ümidilə övladlarını özəl məktəblərə aparırlar. Səbuhi Abdullayev qeyd edir ki, özəl məktəblərin cəlbedici olmasının bir səbəbi bu məktəblərin xaricə çıxış imkanlarının olmasıdır. Ölkəmizdəki özəl ali təhsil müəssisələrində illik ödənişin 10 min manata çatmadığı halda özəl məktəblərdə bu rəqəm 5 dəfə çoxdur. Səbuhi Abdullayev özəl məktəblərin gözqamaşdıran qiymətlərinə baxmayaraq, heç də həmişə valideynlərin gözləntilərini doğrultmadığını deyir. O bildirir ki, bəzən bu məktəblərdə oxuyan şagirdlər də daha sonra repetitor yanına getməli olurlar. Təhsil eksperti Səbuhi Abdullayev bildirir ki, Elm və Təhsil Nazirliyi özəl məktəblərin iqtisadi subyektlər olduğunu əsas gətirsə də, mütləq nəzarət mexanizmi yaradılmalıdır. Rəsmi məlumatlara görə, Azərbaycanda özəl məktəblər orta təhsil müəssisələrinin 2 faizni təşkil edir.

Müəllif | Apa.Tv
Apa.tv