Azərbaycanda onlayn yolla narkotik satan daha bir narkotacir tutuldu
Azərbaycanda onlayn yolla narkotik satan daha bir narkokuryer tutulub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Tərlan adlı şəxs tərəfindən götürülərək satış məqsədilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində həmin şəxs, Lənkəran sakini Tərlan Əhədov Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun üzərindən 137,114 qram heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq onun Sumqayıtdakı evindən də 5 kiloqram 25 qram heroin, 800 ədəd ümumi çəkisi 30 qram metadon həbləri, 265 qram tiryək, 89,482 qram metamfetamin, 1 ədəd “Falcon sport” markalı tapança və ona aid 7 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Tərlan Əhədov İran vətəndaşı, şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxslə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin ölkəyə gətirilməsini təmin edib. Həmin şəxslə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə əlaqə saxlayan Tərlan Əhədov narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşının qeyd etdiyi yerlərə aparmalı imiş.
Qeyd edək ki, Tərlan Əhədov bir neçə dəfə həmin şəxsin vasitəsilə bu yolla narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib.
Faktla bağlı cinayət işi başlanılıb.