Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar bərpa olunur

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda özəl tibb müəssisələrində yoxlamaların aparılması barədə qərar qəbul olunub.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişikliklə bağlı müzakirələr zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili  deyib.

 

O deyib ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-ə qədər dayandırılıb: “Lakin burada istisnalar mövcuddur. Bu istisnalar dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara təhlükə yaranan hallarda dövlət orqanlarına yoxlamalar aparmağa icazə verir. Təqdim olunan qanuna əsasən, həmin istisnaya özəl tibb fəaliyyəti subyektlərində yoxlamalar da əlavə olunur”.

 

Deputat Əli Məsimli qeyd edib ki, sahibkarların düşdüyü ağır vəziyyətdən çıxması üçün müqavilə öhdəliklərinin yerinə yetirilməsində güzəştlər edilməsi, qanunvericilikdə epidemiyanın fors-major məqamlara aid olunması və vergi tətillərinin elan edilməsi vacibdir.  

 

Deputat Razi Nurullayev bildirib ki, Azərbaycanda tibbə aid sahələrin inkişafına ehtiyac yaranıb.

 

Deputat Nigar Arpadarai də sahibkarların problemlərinə diqqət çəkib: “Turizm və xidmət sahəsini təmsil edən sahibkarlar ciddi problemlə üzləşiblər. Yaranan vəziyyətdə sahibkarları dəstəkləməyin yolları ilə bağlı düşünməliyik”.

 

Deputat Hikmət Babaoğlu tibbi ləvazimatların gətirilməsi üçün vergi və gömrük rüsumlarına güzəştlər tətbiq edilməsini təklif edib.

 

Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv