Azərbaycanda qadınların narkotik ticarətinə qoşulmasının səbəbləri
Yəqin ki, son günlər saxlanılan narkotik alverçilərinin arasında qadınların da yer alması sizin də diqqətinizdən yayınmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilən bu qadınlar sırasında bəzən həyat yoldaşı, bəzən isə öz övladı ilə birgə işləyənlər də var.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlarıın arasında hər hansı bir cinsi bölgü yoxdur, qadın da var, kişi də: “Aparılan geniş miqyaslı tədbirlər çərçivəsində bu əməllə məşğul olan şəxslər arasında qadınlara rast gəlinir. Həmin qadınların əksəriyyəti narkotik istifadəçisidir. Bu qanunla cəzalandırılan hərəkət hesab olunduğuna görə cinayətdir. Təbii ki, həmin qadının narkotik istifadəçisi olması səbəbindən o, öz tələbatını ödəmək üçün kimisə zəhərləyir. Öz cinayətkar əməlinə alət etməsi gözləniləndir. Hüquq-mühafizə orqanlarının işi isə bu istiqamətdə əsasən qanunu tətbiq etmək, cinayətkarları məsuliyyətə cəlb etmək və nizam-intizamı qorumaqdan ibarətdir”.
Maraqlıdır, qadınları bu təhlükəli maddələrin satışına vadar edən nələrdir? Necə olur ki, onlar bu vasitələri tez əldə edib, başqa insanların da həyatları üçün təhlükə yarada bilirlər?
Psixiatr-narkoloq Fəzail Sadıqovun fikrinə görə, bunun əsas səbəblərindən biri mühitdir: “Təsadüfi deyil ki, onlar ailədə nəzarətdən kənarda qalır. Bir qisim insan da var ki, məsələn ər-arvaddır, ər bu xəstəlikdən əziyyət çəkir, təbii ki, qadın da ora düçar olur. Ticarətlə niyə məşğul olurlar? Narkotik dediyimiz maddələr çox böyük gəlir mənbəyidir. Dünyanın hər yerində belədir, cinayət yolu ilə narkotik ticarətinə başlayırlar”.
Məsələyə münasibət bildirən psixoloq Gülər Məmmədova qeyd edir ki, qadınların psixologiyası həssas olduğu üçün tez təsirə düşə bilirlər. Onun sözlərinə görə, əsasən davranış pozuntusu olan, müəyyən maddələrə aludəçiliyi yaranan insanlar bu kimi zərərli vərdişləri törətməklə narkotik satışını normal qəbul edir: “Bu yaxınlarda bizim eşitdiyimiz məlumata görə ana və övlad birgə narkotik maddənin satışı ilə məşğul olub. Amma bu o demək deyil ki, o anadırsa onda ülvi hisslər cəmləşib, insan psixologiyasıdır. Onları sual-cavab etdikdə, bu insan psixologiyası ana-övlad statusunu unudur, o özünü sanki maddi durumunu bərpa etmək üçün bu kimi cəmiyyətə ziyan törədəcək kimyəvi dərmanların satışına çox normal baxır, hətta öz övladı ilə birgə bunu edir”.
Psixoloq deyir ki, narkotik satışı ilə məşğul olan qadınlar müxtəlif məkanlara üz tutaraq öz qurbanlarını məhz oradan seçirlər. Onun sözlərinə görə, özündə natamamlıq kompleksi olan, artıq çəkidən əziyyət çəkən xanımlar arıqlamaq məqsədilə bilməyərəkdən də olsa, narkotacirlərin “tilov”una düşərək həmin psixotrop maddələri alır: “Qadınların məhz bu zəif boşluğundan istifadə edən bir çox qadınlar, asan yola üz tutur. Qadın və gözəllik salonlarında hətta o ”patı” adlandırdığımız maddə başqa dərman adı ilə satışa verilə bilər. Cəmiyyətdə yaranmış bu problemlərdən bixəbər qadınlar bu kimi yalanlara, bu kimi təsirlərin altına tez düşə bilir”.
Aparılan araşdırmalar onu göstərir ki, cinsindən və kimliyindən asılı olmayaraq digər insanların həyatına təhlükə yarada bilən, hətta ölümlərinə səbəb olan bir gün mütləq qanun qarşısında cavab verəcək.
Narkotacirlərin qurbanına çevrilməmək və gələcəyə sağlam düşüncəli nəsil yetişdirmək üçün maarifləndirmə və təbliğat əsas şərtdir.
Nuranə Namazova,
Əli Ələkbərov,
APA TV