Azərbaycanda qazilərə və şəhid ailələrinə dəstək üçün YAŞAT fondu yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.
APA TV xəbər verir ki, fərmanda deyilir:
"1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu (bundan sonra – Fond) yaradılsın.
2. Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilsin.
3. Müəyyən edilsin ki:
3.1. Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır:
3.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;
3.1.2. işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;
3.2. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır;
3.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (bundan sonra – Dövlət Agentliyi);
3.4. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir".
Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Abdullayev Çingiz Akif oğlu
Alızadə Sevinc Əsgərxan qızı
Aslanov Novruzəli Davud oğlu
Aşina Məsud
İbrahimov Mənsum İsrafil oğlu
İsgəndərov Anar Camal oğlu
Qasımov Balakişi Ələkbər oğlu
Novruzov Cahangir Mütəllib oğlu
Ramaldanov Şair Ramaldan oğlu
Səfərəliyeva Rəna Teymur qızı
Zəkiyev İlham Əzizağa oğlu.