Azərbaycanda qazla bağlı limit ləğv oluna bilər?
Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard 817 milyon kubmetr təbii qaz qəbul edib.
APA TV-nin məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində qəbul edilən təbii qazın 891 milyon kubmetri sənaye xətləri, 2 milyard 926 milyon kubmetri əhali xətləri üzrə olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə qaz qəbulunda 321 milyon kubmetr artım deməkdir. Mayın 1-nə ölkə üzrə qazlaşma səviyyəsi isə 96,3% təşkil edib.
Ruslan Əliyev qeyd edib ki, "Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-aprel aylarında Azərbaycanda 201 km uzunluğunda yeni qaz xətləri çəkib. Hesabat dövründə çəkilən qaz xətlərinin 26 km-i Bakı və Abşeronun, 175 km isə regionların payına düşüb.
Həmçinin yanvar-mart aylarında qurum tərəfindən respublika üzrə 32 km qaz xətləri əsaslı təmir olunub.
Ruslan Əliyev həmçinin Azərbaycanda qaz istifadəsinə görə limitlərin ləğv edilməsi ilə bağlı yayıılan məlumatlara da aydınlıq gətirib. Baş direktor qeyd edib ki, Azərbaycanda qaz istifadəsinə görə limitlərin ləğvi və ya dəyişdirilməsi ilə bağlı heç bir müraciət olunmayıb, bu məsələ hazırda gündəmdə deyil.
Semral Cavad
Kamran Namazov
APA TV