Azərbaycanda rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var
"2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək".
APA TV-nin məlumatına görə, bunu birinci sinfə qəbulla bağlı keçirilən mətbuat konfransında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib.
Onun sözlərinə görə, məktəb seçimi 13 martdan 15 sentyabr 2020-ci il tarixinədək həyata keçiriləcək: "2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla)".
İlhamə Abdullayeva deyib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn 10 mart tarixindən 13 mart 2020-ci il tarixinədək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir. I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə Alternativ qeydiyyat mərkəzləri də fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər.
Nazirliyin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirmə sektorunun məsləhətçisi Elçin Kərimov isə bildirib ki, statistikaya əsasən, rus bölməsi üzrə respublikada 11 ibtidai sinif müəlliminə ehtiyac var. Onun sözlərinə görə, bu say Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir: "Həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib. Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".
Qeyd edək ki, il ərzində 7 və 8 yaşında məktəbə gedəcək uşaqlar da 5 yaşlılarla eyni hüquqa malikdir. Onlar da martın 10-dan qeydiyyatdan keçib, martın 13-dən başlayaraq istədikləri məktəblə bağlı elektron sistem vasitəsilə sorğu yerləşdirə bilərlər.
İlahə Vəliyeva
Musa Qulammirzəyev
APA TV