“Azərbaycanda seçki hüququnun pozulması ilə bağlı bir nümunə də yoxdur”

Bütün beynəlxalq ictimaiyyət üçün seçkilər açıqdır. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün müşavirədə bildirib. Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev çıxışı zamanı deyib ki, sərbəst toplaşmaq üçün bütün tələblərə uyğun açıq və qapalı yerlər ayrılacaq. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın demokratik seçki keçirmək təcrübəsinin mövcud olduğunu vurğulayıb, seçki prosesində Konstitusiya Məhkəməsinin üzərinə düşən vəzifələrdən danışıb. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deyib ki, Azərbaycan xalqı tarixində ilk dəfə olaraq suverenliyini bərpa etdiyi şəraitdə növbəti seçkilərə hazırlaşır. Bu baxımdan növbədənkənar prezident seçkiləri Azərbaycanın siyasi tarixində xüsusi yer tutacaq. Cari ilin dekabrın 15-dək vəfat etmiş şəxslərin adlarının seçici siyahılarından çıxarıldığını deyən Ədliyyə nazirinin müavini Toğrul Musayev onların MSK-ya təqdim edildiyini nəzərə çatdırıb. Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev bildirib ki, seçki gününədək şəxsiyyət vəsiqəsinin vaxtı bitən vətəndaşlara, seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara lazımi sənədlərin verilməsi prosesinə başlanıb. Baş prokurorun birinci müavini Elçin Məmmədov seçki komissiyalarının işinə mane olanların inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. ORXAN ASLAN RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv