Azərbaycanda şəfa tapanlar istifadə etdikləri əşyaları bu muzeyə bağışlayır
Müxtəlif materiallardan olan əsalar, fotoşəkillər və təşəkkür ifadələri ilə dolu məktublar.
APA TV-nin yerli bürosu xəbər verir ki, bunlar hamısı Naftalan şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində fəaliyyət göstərən “Əsa muzeyi”nin eksponatlarındandır.
Azərbaycanın ucqarında fəaliyyət göstərən bu muzeyin ən qədim eksponatı 1978-ci ilə aiddir. Burda olan əsalar əsasən dəmir, taxta və alüminiumdan hazırlanıb.
“Əsalar muzeyi”nin qəribə yaranma tarixçəsi var. Ötən əsrdən başlayaraq sağlamlıq əhəmiyyətli Naftalan neftinin sorağını eşidən minlərlə insan müxtəlif ölkələrdən bu kiçik şəhərə üz tutub. Əsa ilə, qoltuq ağacları ilə gələn insanlar müalicədən sonra artıq bu əşyalara ehtiyac duymadıqlarından sanatoriyalarda qoyub gediblər. Vətənlərinə döndükdən sonra isə Naftalana olan sevgilərini bura ünvanladıqları təşəkkür məktublarında qeyd ediblər. Sanatoriyalarda yığılan çoxsaylı qoltuq ağacları, fotoşəkillər və təşəkkür məktubları cəmlənərək dünyada ən unikal muzeylərdən birinin yaranmasına səbəb olub.
Tarix-Diyarşünaslıq Muzeyinin fonunda ümumilikdə 5407 ədəd eksponat qorunub saxlanılır. Eksponatların əksəriyyəti Naftalan şəhərin keçmişinə dair nəqqaşlıq, arxeoloji, məişət və etnoqrafik əşyalardan ibarətdir.
Azərbaycanda və dünyada ilk olan "Əsa müzeyi"nə həm yerli həmdə xarici turistlərin marağı böyükdür. Təkcə bu il muzeyə 1500-ə yaxın turist baş çəkib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Naftalan