Azərbaycanda sərnişin qatarları koronavirusa qarşı dezinfeksiya olunur
Son günlər Çində və bir sıra ölkələrdə qeydə alınmış koronavirusun törətdiyi kəskin yoluxucu xəstəliyin yayılması ilə əlaqədar ölkəmizdə də qabaqlayıcı tədbirlər həyata keçirilir. Hazırda biz “Azərbaycan Dəmir Yolları” QSC-nin vağzal ərazisində, qatarlarda dezinfeksiya işləri aparılır. Qeyd edək ki, dezinfeksiya işləri beynəlxalq daşımalarda səhər saatlarında qatarlar yola düşməmişdən 3 saat əvvəl və günorta saatlarda isə sərnişinlər qatarı tərk etdikdən sonra həyata keçirilir.
Dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan, burada sanitariya-epidemioloji tədbirlərin daha da gücləndirilməsi vacib hesab edilir. Çünki gün ərzində yüzlərlə sərnişin qatarlara giriş-çıxış edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin həkim sanitar xidmətinin yol sanitar karantin müfəttişliyinin rəis müavini Elsən Süleymanov deyir ki, Xidmət tərəfindən hər gün sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisindəki bütün obyektlərin profilaktik və cari dezinfeksiyası həyata keçirilir: “Dəmiryolu ərazisində olan uşaq müəssisələrində qoruyucu tədbirlər həyat keçirilir. Bir sıra qoruyucu, yuyucu, dezinfeksiyaedici vasitələr paylanılıb. Həm yerli, həm də beynəlxalq qatarların hərəkəti boyu stansiyalarımızda gündəlik dezinfeksiya işləri aparılır”.
Elsən Süleymanov onu da qeyd edib ki, hazırda sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejimində çalışır. Sərhəd-keçid məntəqələrindən ölkəmizə daxil olan yük qatarlarının bütün vaqonları, eləcə də ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları sərnişinlər vaqonları tərk edəndən sonra hər gün dezinfeksiya olunur. Bununla yanaşı, bütün sərnişin qatarlarının vaqonları tibbi qutular, bələdçi heyəti qoruyucu maska və əlcəklə təmin olunub: “Sərnişinlərdən xahiş edirik ki, qatarda olduqları müddətdə özlərində hər hansı narahatlıq hiss edərlərsə və ya qızdırmaları olarsa, o zaman qatar bələdçisinə məlumat versinlər. Ümumiyyətlə, xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal həkim-sanitar xidmətinə təqdim olunacaq”.
Qeyd edək ki, sərnişinlər dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə ümumi gigiyena qaydaları barədə müntəzəm məlumatlandırılırlar.