Azərbaycanda su sərfiyyatına nəzarət mümkün olacaq - YENİ VEB-SAYT YARADILDI

"Azərsu" ASC "e-su.az" portalını istifadəyə verib.

 

APA TV-nin məlumatına görə, portal vasitəsilə su istehlakçıları öz şəxsi kabineti sayəsində apardığı bütün əməliyyatlar barədə məlumat ala biləcək.

 

Saytın təqdimatı mərasimində "Azərsu" ASC-nin Elektron Xidmətlər və Müasir Texnologiyaların Departament rəisi Emil Əhmədov qeyd edib ki, istənilən vətəndaş portalda qeydiyyatdan keçərək özü ilə yanaşı, 5 abonent kodunu da əlavə edə bilər. Bu abonent kodları üzərindən aparılan bütün əməliyyatlara nəzarət etmək mümkündür: “Hazırda sistem özündə 8 elektron xidməti cəmləyib. İlin sonuna müəssisənin göstərdiyi digər e-xidmətlər də portala inteqrasiya olunacaq".

 

Qurum rəsmisi həmçinin əlavə edib ki, portal tam proaktivdir və elektron xidmətlərə müraciətlərlə yanaşı, qəzalarla bağlı müxtəlif bildirişlərin göndərilməsi, o cümlədən abonentlərə göndərilən hesab-fakturalar da birbaşa olaraq burada əks olunur: "Portal "ASAN login"lə inteqrasiya olunub, yəni təhlükəsiz giriş təmin edilib və sentyabr ayından etibarən "myGov" hökumət portalına da inteqrasiyası həyata keçirilib. Portalın mobil tətbiqinin yaradılması üzərində işlər aparılır ki, onun da istifadəyə verilməsi gələn ilə nəzərdə tutulur".

 

Qeyd edək ki, gələcəkdə portalının mobil cihazlar üçün tətbiq versiyasının da hazırlanması planlaşdırılır.

 

Mir Çingiz Ağazadə,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv