Azərbaycanda təhsil terminləri ilə bağlı kitab işıq üzü gördü - İLK DƏFƏ
“Libraff” kitab evində “Təhsil Terminlərinin İzahlı Lüğəti” adlı kitabın təqdimatı keçirilib.
APA TV-nin məlumatına görə, kitabın həmmüəlliflərindən - Təhsil Nazirliyinin böyük məsləhətçisi Hüseyn Mirzəyev bildirib ki, nəşr təhsil işçilərinin, məktəblilərin, tələbələrin islahatların davam etdiyi bir dövrdə əlavə və geniş məlumat almasını asanlaşdıracaq: “Təhsil terminləri izahlı lüğəti ilə bağlı çatışmazlıq həmişə olub. Məsələn, kiçik həcmdə bu mövzuda materiallar var idi. Amma bu cür bütöv, həm terminologiya və izahlı lüğətdə olan, həm də olmayan sözlərin toplandığı təhsil terminləri kitabı yox idi. Biz təhsil terminlərinin nəinki özünü, həm də onun geniş şəkildə izahını da bu lüğətdə vermişik”.
Təqdimata dəvət olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Misir Mərdanov deyib ki, kitab Azərbaycanın nəşriyyat tarixində yenilikdir: “Bu kitab Azərbaycan təhsilində, kitabşünaslığında ilk kitabdır. Terminlər lüğəti çox olub, lakin təhsil termini lüğəti ilk dəfədir çap olur. Bu işin ən vacib cəhətlərindən biri də bundan ibarətdir ki, kitab Azərbaycanın orta məktəb müəllimi və akademiyanın əməkdaşı tərəfindən yazılıb ərsəyə gətirilib”.
Kitabın müəllifləri qeyd ediblər ki, təhsilin arasıkəsilməz inkişafının müxtəlif mərhələlərində növbəti cildlərin də nəşri planlaşdırılır.
Tədbirdə “İLM-Learn” Beynəlxalq Təhsil Mərkəzinin təqdimatı da baş tutub.
Qeyd edək ki, 2015-ci ildə Londonda təsis edilmiş “İLM-Learn” Beynəlxalq Təhsil Mərkəzi 2018-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Təhsil müəssisəsinə 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən lisenziya verilib. “İLM-Learn” Beynəlxalq Təhsil Mərkəzi əlavə Təhsil müəssisəsi A-Level (Cambridge International Advanced Levels) təhsil pilləsini distant (onlayn) olaraq tədris edən yeganə təhsil mərkəzidir. Mərkəzdə distant təhsillə yanaşı, Tarix, Azərbaycan dili və ədəbiyyat, İngilis dili, İbtidai təhsilin pedaqogikası, Riyaziyyat, Psixologiya və İKT fənləri üzrə ixtisasartırma, stajkeçmə, kadrların təkmilləşdirilməsi proqramları da tədris olunur. Proqramlar beynəlxalq dərəcəli təlimçilər tərəfindən keçirilir. Eyni zamanda mərkəz təhsilini xaricdə davam etdirmək niyyətində olan gənclərə motivasiya məktubu və tədqiqat planı (research proposal) ingilis dilində hazırlanmasında dəstək göstərir. Mərkəzin xaricdə təhsil xidmətləri üzrə şöbəsi xaricdə bakalavr təhsili üzrə konsultasiya, universitetlərə yerləşdirmə, viza, sənədləşmə üzrə xidmət göstərir. Təhsil mərkəzi ingilis, italyan, ispan, alman, koreya, yapon, çin, rus və ərəb dillərinin hazırlığı üzrə müxtəlif yaş qrupları və bilik səviyyələri üzrə kurslar və həftə sonları xarici müəllimlə təşkil olunan danışıq klubu (conversation club) təklif edir. Bununla yanaşı, mərkəzdə TOEFL, IELTS, SAT, KET, PET, kimi xarici universitetlərə qəbul imtahanlarına keyfiyyətli hazırlığın təşkil olunur. Mərkəzin digər xidmətlərinə xaricdə yay məktəbləri, ailə seminarları, IX və XI sinif buraxılış imtahanlarına hazırlıq kursları daxildir.