Azərbaycanda ümumilikdə 19 nəfər koronavirusa yoluxub, onlardan 3-ü sağalıb
"Hazırda Azərbaycanda rəsmi olaraq 19 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 3-ü tam sağalıb".
APA TV xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının təşkil etdiyi mətbuat konfransında, Nazirlə Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, hazırda aşkarlanan hallar başqa ölkələrlə əlaqədar olub. Bu şəxslər karantinə alındıqdan sonra xəstəlik aşkarlanıb.
ÜST-ün Azərbaycana gələn missiyasının rəhbəri Karolina Braun isə bildirib ki, koronavirus yeni virusdur, bütün dünya ölkələrində xəstələrin sayı çoxaldığından “COVİD 19” artıq pandemiya elan olunub. O, pandemiyanın yay aylarında səngiməsi ilə bağlı deyilənlərə də münasibət bildirib: "Bəzi ölkələrdə yoluxma artıq azalmaqdadır. Xüsusilə Çində azalmasına baxmayaraq, yeni xəstəlik hallarının aşkarlanması ilə bağlı tədbirlər davam etdirilir. Bu alovlanmanın Azərbaycanda yay aylarında özünü necə göstərəcəyi ilə bağlı proqnoz vermək çətindir. Amma yaxşı olar ki, qarşısının alınması ilə bağlı tədbirlər görülsün".
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı isə bildirib ki, hökumət tərəfindən alınan tibbi mühafizə vasitələri tibb işçilərinə, tibb müəssisələrinə və təcili yardım briqadalarına paylanılır.
Onun sözlərinə görə, Azərbaycan hökuməti bu vasitələri özü alır. Amma növbəti həftə ÜST tərəfindən fərdi mühafizə vasitələri Səhiyyə Nazirliyi və TƏBİB-ə veriləcək.
İsa İsmayılov
Musa Qulamirzəyev
APA TV