Azərbaycanda vergi əməkdaşları rüşvət alarkən tutuldu – RƏSMİ
Azərbaycanda vergi əməkdaşları rüşvət alarkən tutulub.
Baş Prokurorluğunun və İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətlərindən APA TV-yə daxil olan birgə məlumatda qeyd olunur ki, özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.
Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.
Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini may ayının 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.