Azərbaycanda vətəndaşlar silahları niyə təhvil vermir?

Son vaxtlar ölkəmizin müxtəlif yerlərində silah-sursat aşkarlanması halları artıb. Bu silah-sursat ya hansısa ərazidə qoyulub gedilmiş vəziyyətdə tapılır, ya da polisin təşkil etdiyi əməliyyatlar nəticəsində ələ keçirilir. Bəs görəsən silah aşkarlanması hallarındakı artımın səbəbi nədir? Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev son vaxtlar silah aşkarlarlanması hallarındakı artımı müharibə ilə əlaqələndirir. O qeyd edir ki, vətəndaşlar qanunsuz silah saxlamağın məsuliyyət yaratdığını bilib onu mütləq təhvil verməlidir. “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyir ki, bəzi hallarda vətəndaşlar qanunsuz saxladıqları silahları polisə təhvil verməkdən çəkinirlər. Buna səbəb vətəndaşların qanunsuz silah saxlamaqla bağlı qorxu hissləridir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, ölkədə silah-sursatın polisə könüllü təhvil verilməsi faktları müşahidə olunur. Lakin müharibədən sonrakı dövrdə ələ keçirilən silahların qanunsuz saxlanılması və satılması hallarına da rast gəlinir. Qeyd edək ki, qanunsuz saxladığı silah-sursatı könüllü təhvil verən şəxs əgər onları cinayətdə istifadə etməyibsə, məsuliyyətdən azad olunur.

ORXAN ASLAN APA TV

Müəllif | Apa.Tv
Apa.tv