Azərbaycanda xüsusi karantin rejimi uzadıldı – HƏFTƏ SONU YENƏ KÜÇƏYƏ ÇIXMAQ QADAĞANDIR!
Azərbaycanda xüsusi karantin rejiminin 1 iyul 2020-ci il gecə saat 00:00-dək uzadılmasına qərar verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun gecə saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Bununla əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıdakıları qərara alır:
• 2020-ci il 14 iyun gecə saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla);
• 2020-ci il 14 iyun gecə saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir;
• sakinlər qeyd olunan müddətdə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.
Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.
Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.
COVID-19 virusu ilə mübarizədə, insanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdə həmrəylik nümayiş etdirdiklərinə görə vətəndaşlarımıza bir daha təşəkkür edir, özünüzün və yaxınlarınızın səhhəti naminə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə çağırırıq.
Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni zamanda kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərində, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir.