Azərbaycanda yağış barmaqlıqlarının istehsalına başlanıldı

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti olan “Azertexnolayn” MMC-də Rusiyanın sifarişi ilə yeni növ məhsulun - avtodayanacaqlarda istifadə olunan çuqun töküm yağış barmaqlıqların istehsalına başlanıb:

 

"Azərtexnolayn" MMC-nin direktoru Tofiq Məmmədov deyir ki, ümumilikdə zavodun illik gücü 10 min tondur: “Cari ilin 7 ayı ərzində bu və buna bənzər digər məhsullar həmin şirkətə 1 milyon 600 min manat civarında ixrac edilmişdir. Ümumilikdə zavodumuzun illik gücü 10 min tondur. Biz xarici bazarla yanaşı, həm də daxili bazardan gələn bütün sifarişləri qəbul edir və müştərilərə lazımi standartlarda çatdırırıq”.

 

“Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir. Burada qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir:

 

“Azərtexnolayn”ın müəssisələrində yüksək keyfiyyətli polad borular, müxtəlif diametrli polietilen borular və yüksək texniki avadanlıqlar istehsal olunur. Müəssisədə indiyədək 383 milyon manat dəyərində məhsul istehsal olunub ki, onun da 95 milyon manatı ixrac olunub.

 

Ümumi investisiyalarının həcmi 3,1 milyard ABŞ dolları olan 23 sahibkarlıq subyektinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sumqayıt Kimya Sənaye Parkının direktoru Nazim Talıbov deyir ki, indiyədək rezidentlər tərəfindən 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon ABŞ dollarından çox investisiyanın da yatırılması nəzərdə tutulur: “2019-cu ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 121 milyon manatlıq məhsul ixrac olunmuşdursa, 2020-ci ilin eyni dövründə bu rəqəm 1,5 dəfə çox, 182 milyon manat olmuşdur. Və yaxud 534 milyon manat məhsul istehsal etməklə Sumqayıt Kimya Sənaye Parkının ölkənin qeyri-neft sektorunda istehsal olunan məhsullarda payı 9 faizdən çox olmuşdur. 182 milyon manatlıq məhsul ixrac etməklə Sumqayıt Kimya Sənaye parkının ölkənin qeyri-neft sektorundakı ixracında payı 20 faiz olmuşdur”.

 

Bu ilin sonunadək Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisənin - "Termoformasiya metodu ilə vərəqə şüşə istehsalı" layihəsi üzrə “AzerFloat” QSC və "Qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası" layihəsi üzrə “Azmonbat” MMC-nin istehsala başlaması planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında hazırda 5500-dən artıq insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının 6000 nəfərə çatdırılması nəzərdə tutulur.

 

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv