Azərbaycanda yaradılan ilk aptek - REPORTAJ
Neftçala Xəzər dənizi sahilində yerləşən və özünün balıqçılıq ənənələri ilə məşhur olan rayonlardandır.
APA TV xəbər verir ki, tanınmış mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyevin məşhur balıq kombinatı da indiki Neftçalanın Bankə qəsəbəsi ərazisində yerləşib. Bir sıra ölkələrə, o cümlədən Avropaya qara kürü məhz burdan ixrac olunub. Bu səbəbdən də dünyanın hər yerindən bura, balıq kombinatına fəhlələr işləməyə gəlib. Onların arasında yayılan öldürücü xəstəliklərin qarşısını almaq üçün burda ilk aptekin açılmasına qərar verilib.
XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra, 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün, Azərbaycanda ilk aptek 1850-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb.
40 ilə yaxındır burda əczaçı kimi çalışan aptekin müdiri Əyyub İsmayılov deyir ki, bura işləməyə gələndə ölkənin ilk apteki olduğundan xəbərsiz olub. Lakin vaxtilə rus dilində çap olunan bir ensiklopediyadan ilk aptekin məhz bura olduğunu oxuyur və Elmlər Akademiyasında çalışan oğluna məlumat verir. Araşdırmalardan sonra faktın doğruluğu üzə çıxır: “Dünyada ilk aptek 850-ci ildə Bağdadda, 1750-ci ildə Rusiyada və 1850-ci ildə Salyan qəzasının Bankə balıq vətəgəsində açılıb. Bu ensiklopediyada da var. Tarixi sənədlərlə təsdiq olunmuş faktdır. Çoxlu suallar da var ki, necə olur ki, Bakıda, Şamaxıda yox məhz Azərbaycanda ilk aptek Neftçalada olub. Burda Tatarməhlədə “Bojıy promısel” ("Allah mədəni") deyilən yerdə balığın bol olduğu yer olub. Balığın bol olduğu burdan 2-3 km aralıda Tatarməhlə deyilən bir yer olub. Vaxtı ilə Kür çayı ilə dəniz orda birləşib. Allah təala balığı - nərə cinsli balıqları o qədər bol edib ki, oranın adını “Bojıy promısel” qoyublar. Burda 500-600 rus fəhlələri, dünyanın hər yerindən gəlmiş fəhlələr həmin o vətəgədə işləyirmişlər, balıq tuturmuşlar. Bu insanlar çar Rusiyasının vaxtında 1850-ci ildə vəba xəstəliyi olub. Xəstəliyə görə çar Rusiyası məcbur olub ki, həm orda ilk xəstəxana tikdirsin, həm də ilk aptek açsın”.
Əczaçı deyir ki, aptek haqqında kitablarda qeyd olunduğunu deyir: “Görkəmli alim Gülüşəmbərov 1890-cı ildə Tiflisdə nəşr etdirdiyi kitabında yazırdı ki, Bankə vətəgələrində “Bojıy promısel”-də ailələrdə bir yana kazarmalarda antisanitariya hökm sürür. Mədənlərdə müxtəlif xəstəliklər fəlakətli dərəcədədir. Tif, sinqa və sair xəstəliklərə görə insanlar o dünyaya vaxtsız gedir. Bir qayda olaraq xəstə fəhlələr müalicə olunmur, sadəcə olaraq işdən qovulurlar. Halbuki burda Azərbaycanda ilk dəfə olaraq tikilmiş 3 korpuslu 64 çarpayılıq və apteki olan xəstəxana vardır”.
Rayonda o vaxt tikililərdən indiyədək təkcə bu aptek binası qalıb. Onun ikinci mərtəbəsində ötən əsrin 60-cı ilin əvvəllərinə kimi yaşayış da olub.
Yerli sakinlər qeyd edirlər ki, aptek yarandığı gündən çətin əldə olunan dərman preparatları burada asanlıqla tapılıb. Bu aptekin xəstəliklərin qarşısının alınmasında dava-dərmanın gətirilməsində böyük rolu olub. O dövrdə tapılmayan dərmanlar burada satılıb. Aptek əvvəllər olduğu kimi, bu gün təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət göstərməkdədir.
Əlibəy Zeynallı
Elçin Həsənov
APA TV