Azərbaycanda Yeni il: 1 GECƏ 4860 MANATA
Yeni ilə az qalmış bölgələrdəki lüks otellərdə qiymətlər artır. Qiymətlər daha çox otellərin yerləşdikləri məkanlara və xidmətlərə görə dəyişir.
Qəbələdə 4 ulduzlu otellərdən birində adi gün üçün bir nəfərlik otağın qiyməti 157 manat təşkil edir. Bu qiymətə ancaq səhər yeməyi, SPA və fitnes daxildir. İki nəfərlik olduqda isə qiymət 178 manat olur.
Ancaq yeni il gecəsi üçün qiymətlər tam fərqli və əlçatmazdır. Məsələn 4 ulduz oteldə yeni il şənliyində iki nəfərin istirahəti üçün 1286 manat lazımdır. Bu məbləğə dekabrın 31-dən yanvarın 2-nə kimi dincələ və əylənə bilərsiniz. Qiymətə günorta və axşam yeməyi, yeni il proqramında iştirak daxildir. Əgər ailənizlə birlikdə daha rahat şəkildə, koteclərdə qalmağı arzulayırsınızsa, 2680 manatınızı xərcləməli olacaqsınız.
Rayondakı beş ulduzlu otellərdə koteclər 4 nəfər üçün 1455 manatdırsa, yeni il ərəfəsi bu qiymət 4860 manat təşkil edir.
Maraqlı burasıdır ki, otellər turistlərin diqqətini cəlb edə bilib və indidən əksər otaqlar rezerv olunub. Xaricdən gələn qonaqların əksəriyyəti qiymətlərdən narazılıq etmir və daha çox təbiətin onları cəlb etdiyini deyirlər.
Yerli turistlər isə xariclə müqayisədə ölkəmizdə qiymətlərin yüksək olduğunu deyirlər.
Adi vaxtlarda Qəbələdə ən ucuz oteldə bir gecə qalmaq 30 manata başa gəlir.
Rayonda fəaliyyət göstərən digər xırda, 2 və 3 ulduz otellərdə 25-40 manat arasında olan qiymətlər yeni il ərəfəsində 65-80 və 110 manat təşkil edir. Adətən bu qiymətə olan restoranlarda da yeni il konserti və qala gecəsində iştirak etmək üçün əlavə ödəniş etmək lazımdır.
Qeyd edək ki, Qubadakı hotellərdə dincəlmək istəyirsinizsə, 600-740 manat pulunuzun çıxacağından əmin olun.
Qusarda isə bayram tətili ərəfəsi üçün 3 gecəlik xüsusi qiymətlər müxtəlif hotellər üzrə 2 nəfərlik nömrələrdə 1230 AZN, 1320 AZN və 1630 AZN-dir.
Lənkəranda isə 2 nəfərlik nömrələrdə 3 gecəlik xüsusi qiymətlər 1500-2000 arasında dəyişir.
İsmayıllıda isə bu qiymətlər 410 manatdan 1000 manata kimi dəyişə bilir.
Turizmçilər isə bildirir ki, bölgələrimizdə təklif olunan qiymətlər Türkiyə, Dubay, hətta Avropa ölkələrindəki tariflərdən belə yüksəkdir. Bu qiymətə bir nəfər sadalanan ölkələrdə qarşılanma və yola salınma daxil çox rahat şəkildə dincələ bilərlər.
Otellərlə yanaşı, şəxsi evlərə də olduqca böyük tələbat və maraq var. Məsələn Qəbəldə günlük 50 manatdan başlayan, 1500 manata kimi dəyişən qiymətlərə ev tapmaq mümkündür. Bu qiymətə burada gecələmək və evin şəraitindən istifadə daxildir.
Qeyd edək ki, yeni ilə görə əksər məkanlar bron olunduğundan artıq otellərdə və şəxsi evlərdə yer tapmaq o qədər də asan deyil.