Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildi

Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

 

Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür.

 

Bunu nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.

 

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.

 

 

Müəllif | Apa.Tv
Apa.tv