Azərbaycandan əcnəbilərə yarım milyonluq tələb - ÖLKƏMİZDƏ YAŞAMAQ İCAZƏSİ ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?
Rusiyada əcnəbi sahibkarların əmlak əldə etdikdən sonra ölkədə yaşayış icazəsi ala biləcəklərinə dair qanun layihəsi hazırlanıb. Bu qanun Türkiyədə bir neçə ildir tətbiq olunur. Azərbaycanda da sahibkarlıq fəaliyyəti ilə məşğul olan kifayət qədər əcnəbi vətəndaşlar var. Bəs görəsən, ölkəmizdə vəziyyət nə yerdədir? Əcnəbi vətəndaşlar Azərbaycanda yaşamaq üçün hansı tələbləri yerinə yetirməlidir?
Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərovun sözlərinə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşama icazələrinin verilməsi hallarından biri də odur ki, həmin şəxslər ölkə iqtisadiyyatına 500 min manat məbləğində investisiya qoymalıdırlar: “Bundan əlavə, Azərbaycan ərazisində 100 min manat dəyərində daşınmaz əmlaka sahib olan və yaxud ölkədə fəaliyyət göstərən bankların birində həmin məbləğdə hesabı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün müraciət edə bilərlər”.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, Miqrasiya Məcəlləsində ölkədə daşınmaz əmlaka sahib olmaq istəyən əcnəbilərə yaşayış icazəsinin verilmə müddəti göstərilmir. Onun yalnız hüquqi statusu araşdırılır: “Təbii ki, daşınmaz əmlaka sahib olma əcnəbi vətəndaşa böyük dividentlər verə bilər. Məsələn, bir sıra ölkələrdə buna bənzər hüquqlar var. Daşınmaz əmlakı olan əcnəbilər rahat şəkildə həmin ölkədə nəinki yaşama icazəsi, hətta sonrakı mərhələdə vətəndaşlıq da ala bilir. Azərbaycana gəldikdə isə, əcnəbi 100 mindən artıq dəyəri olan daşınmaz əmlaka sahibdirsə, müvəqqəti yaşama icazəsi ilə təmin edilir”.
Ədliyyə Nazirliyinin Bakı şəhər Notariat Ofisinin xüsusi notariusu Kənan Rəhmanov deyir ki, bu gün ölkəmizdə daşınmaz əmlaka sahib olmaq istəyən əcnəbi sahibkarların sayı kifayət qədərdir. Qanunvericiliyə görə, onlar Azərbaycanda torpaq sahəsindən başqa istənilən daşınmaz əmlakı almaq hüququna malikdir: “Bura yaşayış sahəsi və qeyri-yaşayış sahəsi də aid ola bilər. Təcrübədə yaşayış sahəsi alan əcnəbilərin sayı daha çoxdur. Onlar da öz vətəndaşlarımız kimi eyni imtiyazlara malikdir. Prosedur qaydaları və həmin əməliyyatlara görə ödənilən dövlət rüsumu eynidir. Eyni zamanda daşınmaz əmlakın Dövlət Reyestr Xidmətində hüquqlarının dövlət qeydiyyatı da eyni prosedur əsasında həyata keçirilir”.
DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov qeyd edir ki, daşınmaz əmlak bazarında qiymətlərin dəyişkən olduğunu nəzərə alsaq, bu zaman əcnəbilər üçün bir sıra problemlər yaranır. 100 min manat dəyəri olan daşınmaz əmlakın qiyməti bir neçə aydan sonra dəyişə bilər. Bu səbəbdən müvəqqəti yaşama icazəsi almaq üçün müraciət edən əcnəbilərin 100 min manatdan yuxarı qiymətə olan daşınmaz əmlaka sahib olması məsləhət görülür: “Onların sənədlərinə baxılan zaman əmlak bazarında qiymət dəyişkənliyinin baş verməsi ola bilər. Onun əmlakında bir qədər ucuzlaşma baş verə bilər ki, bu da onun üçün əlavə problemlərin yaranmasına səbəb olur. Həmişə tövsiyə olunur ki, daşınmaz əmlak sahibi olduğunuz təqdirdə qiyməti 110 mindən daha artıq məbləğə hesablansın. Belə olduğu təqdirdə, növbəti mərhələdə qiymətləndirmədə problemlər yaşanmaz”.
Ədliyyə Nazirliyi Bakı şəhər Notariat Ofisinin xüsusi notariusu Kənan Rəhmanov isə məsələyə bir qədər aydınlıq gətirib: “Əcnəbi qeydiyyata düşdüksən sonra həmin əmlakın təkrar qiymətləndirilməsi həyata keçirilmir. İlkin olaraq vətəndaş əmlakı hansı qiymətə əldə edibsə, bu barədə sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etdiksən sonra onun müvafiq qeydiyyatı aparılır və əmlakın təkrar qiymətləndirilməsinə zərurət yaranmır”.
Odur ki, ölkəmizdə daşınmaz əmlaka sahib olmaq istəyən hər bir əcnəbi qoyulan tələb və qaydalara riayət etməlidir. Əks təqdirdə, daşınmaz əmlakın faydasından çox ziyanı ilə üzləşə bilərlər.
Elvin Paşazadə,
Faiq Həsənov,
APA TV