Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Azərbaycan tərəfindən Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının birinci hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir. Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib. Ukrayna tərəfindən daxil olmuş müraciətlər əsasında təşkil olunan və ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissələrinin yaxın müddət ərzində yola salınması planlaşdırılır. Qeyd olunub ki, Ukraynaya bundan əvvəl də ölkəmiz tərəfindən elektrik avadanlıqları ilə bağlı humanitar yardım göndərilib. Yaranmış böhranla əlaqədar Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur. Həyata keçirilən humanitar yardım fəaliyyətləri çərçivəsində müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
Xədicə Səxavət, Əli Əliyev, APA TV