“Azərbaycanı ittiham etmək üçün...” - Bayramovun Paşinyana cavabı – APA TV
"Ölkələrin suverenliyinə hörmət dedikdə, təbii olaraq, bütün əməliyyatların, ölkəmizə giriş-çıxış, o cümlədən humanitar təşkilatların fəaliyyətinin ölkənin qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsini nəzərdə tuturuq". Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikalı həmkarı Hadca Labib ilə brifinqi zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın bütün təklifləri və atdığı addımlar ondan ibarətdir ki, humanitar vəziyyət istiqamətində heç bir pisləşmə olmasın. Bütün bunları qəbul edə bilməyən Ermənistan isə bir sıra hərbi və siyasi təxribatlara yol verir.
Nazir əlavə edib ki, 23 aprel tarixindən bu yana minlərlə insan hər iki istiqamətdə şəffaf formada Laçın sərhəd keçid məntəqəsindən istifadə edib. İki ay ərzində həmin məntəqə heç bir məhdudiyyət olmadan fəaliyyət göstərib. Ceyhun Bayramov qeyd edib ki, humanitar yükün gətirilməsi məsələsində Ermənistan tərəfi siyasi manipulyasiyalar xəttini tutub.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Xankəndi ilə dialoqdan yayınması barədə səsləndirdiyi fikirlərə münasibət bildirən cənab Bayramov bu fikirlərin əsassız olduğunu vurğulayıb. Bildirib ki, danışıqların baş tutmasında Azərbaycan tərəfini ittiham etmək üçün həmin şəxsin çox zəngin fantaziyası olmalıdır. “Biz bilirik ki, Siz Ermənistanla sülh əldə olunması üçün çox səy göstərirsiniz” bu fikirləri isə Belçikanın xarici işlər naziri Hadca Labib səsləndirib.
Görüşdə qeyd olundu ki, işğal faktına son qoyulandan sonra beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyünə və suverenliyinə hörməti yalnız sözdə və bəyanatlarda deyil, o cümlədən real danışıqlarda əksini tapması prosesin irəliləməsi üçün önəm kəsb edir.
Görüşdə ərazimizdə yaşayan erməni əsilli vətəndaşların Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrinə reinteqrasiya prosesi, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, oradakı mina təhdidi bardə danışılıb, Ermənistanın bu sahədə tamamilə qeyri-konstruktiv mövqe sərgilədiyi diqqətə çatdırılıb. Tərəflər bundan başqa Zəngəzur dəhlizindən istifadə imkanlarını müzakirə ediblər. Həm təkbətək, həm də geniş tərkibli görüş zamanı iki ölkə, Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətlər və layihələr, eyni zamanda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb