Azərbaycanın ABŞ və Böyük Britaniyadakı səfirləri dəyişdi

Elin Emin oğlu Süleymanov Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamları ilə Elin Süleymanov Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, Xəzər Zafir oğlu İbrahim isə Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb və Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Qalib Malik oğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Anar Abel oğlu Məhərrəmov isə Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılan Fuad Eldar oğlu İsgəndərov İsveçrə Konfederasiyasına fövqəladə və səlahiyyətli səfir göndərilib.

Azərbaycanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Cavanşir Əşrəf oğlu Axundovun yerinə isə Elnur İxtiyar oğlu Sultanov təyin olunub.

Müəllif | Apa.Tv
Apa.tv